“Borçalı” cəmiyyəti “Soydaşlar haqqında qanun” un qəbul edilməsini istəyir
“Xaricdə yaşayan, soyuna bağlı, bu dövləti özününkü sayan insanların Azərbaycana gediş-gəlişi asanlaşdırılmalıdır”
3 İyun 2013 00:15 Siyasətİyunun 2-də Bakıdakı "Ulduz" sarayında "Borçalı" İctimai Cəmiyyətinin "Gürcüstanın sosial-iqtisadi və siyasi coğrafiyası" mövzusunda 35-ci "Dədə Camal Məclisi" keçirilib. "Borçalı" İC İdarə Heyətinin üzvü, folklorşünas Elxan Məmmədli təşkilatın son illər bir sıra önəmli layihələrə imza atdığını bildirib. "Borçalı" İC sədri Zəlimxan Məmmədli qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə edib. Regionda yaranmış ictimai-siyasi proseslərdən danışan sədr Azərbaycan və Gürcüstan xalqları arasında birliyin vacibliyini bildirib. "Borçalı" cəmiyyətinin son illər bölgə xalqları arasında anlaşma mühitinin yaradılması və Borçalı türklərinin gürcü cəmiyyətinə inreqrasiyası istiqamətində mühüm addımlar atdığını vurğulayan Z. Məmmədli bu xəttin davam etdiriləcəyini bildirib. Onun sözlərinə görə, tək Borçalı deyil, Dərbənd, Kərkük və Güney Azərbaycan türklərinin də problemiləri öyrənilməli, o toplumlar da sahibsiz buraxılmamalıdır. İdarə heyətinin son toplantısında mühüm qərarların qəbul edildiyini bildirən sədr Elat mədəniyyətinin keçirilməsinə hazırlıq üzrə Təşkilat Komitəsinin yaradıldığını deyib. Bu il təşkilatın illik konfransı da keçiriləcək. İctimai cəmiyyətin bəzən haqsız yerə tənqidlərə məruz qaldığını diqqətə çatıran Z.Məmmədli deyib ki, Borçalı türklərinin problemlərinin həlli istiqamətində mümkün olanı ediblər: "Biz ictimai təşkilatıq. İctimai təşkilat qərar verən parlament və ya icra edən dövlət strukturu deyil. Biz fikir mərkəziyik. Biz təkliflər verir, fikir formalaşdırıq. Toplumun mənəvi əlaqələrinin qorunub saxlanmasına çalışırıq". "Borçalı" cəmiyyətini siyasətə qoşmaq cəhdlərinə toxunan Z.Məmmədlinin fikrincə, buna imkan verməyəcəklər: "Bütün namizədlər bizim soydaşlarımızdı, vətəndaşlarımızdı. Biz ictimai təşkilatıq, siyasi məqsədlər güdmürük".
Cəmiyyət sədri Milli Məclisə ünvanlanmaq üçün hazırlanan "Soydaşlar haqqında" qanun layihəsindən danışıb. Onun fikrincə, bu qanunun qəbulu vacib məsələdir. Onun sözlərinə görə, qanunda soydaş anlayışı dəqiq göstərilməli, xaricdə yaşayan soyuna, yurduna bağlı, bu dövləti özününkü sayan insanların Azərbaycana gediş-gəliş, iş qurma məsələləri asanlaşdırılmalıdır. Borçalıda istedadlı türk gəncliyinin formalaşdığını diqqətə çatdıran Zəlimxan Məmmədli deyib ki, hansı siyasi platformanı daşımalarından asılı olmadan bu gənclərə qayğı göstərilməlidir. Sonra professor Tapdıq Həsənovun məruzəsi dinlənilib. Məruzə ətrafında alimlər Nəsib Nəsibli, Eldar Məmmədli, Əmirxan Babaşov, V. Omarov, Hacan Hacıyev, Elxan Məmmədli, Salman Murğuzlu çıxış ediblər. Yekun olaraq İdarə Heyətinə tövsüyyə edilib ki, Gürcüstana investisiya qoyuluşu üçün iş adamlarına müraciət hazırlansın. ("OLAYLAR"İA)