NATO Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar İA-nə verilən məlumata görə, mayın 31-də xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun Qadınlar, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Mari Skareni qəbul edib. 

Görüşdə NATO-Azərbaycan əməkdaşlığı, xüsusilə də qadın hüquqlarının qorunması və gender bərabərliyi sahəsində əməkdaşlıq imkanları, Azərbaycanın NATO-nun Əfqanıstanda sivil quruculuq və dövlət institutlarının möhkəmləndirilməsi səylərinə verdiyi töhfə ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov gender bərabərliyinin təmin olunmasının və cəmiyyətdə qadınların rolunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edib. Nazir bu istiqamətdə ölkəmizin öz təcrübəsini bölüşməyə və NATO ilə bu sahədə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. 

Xanım Mari Skare NATO-nun mühüm tərəfdaş ölkə kimi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Həmçinin Azərbaycanın qadın hüquqlarının və gender bərabərliyi sahələrində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, ölkəmizlə bu sahədə əməkdaşlığın faydalı olacağını vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00