Qazaxıstan və Qırğızıstan birləşə bilər
Azər Həsrət: “Mərkəzi Asiya Rusiya, Çin və ABŞ kimi hegemoniya siyasətinin əsas oyunçularının nəzarəti altındadır”
31 May 2013 16:37 SiyasətMərkəzi Asiyadan olan bəzi türkoloqlar Qırğızıstanın Qazaxıstana birləşdirilməsi təklifini irəli sürüblər. Mütəxəssislərin fikrincə iki türk dövlətinin birləşdirilməsi Turan Dövlətinin yaradılması üçün stimul ola bilər. "Biz istəmərik ki, türk dövlətlərinin sayı azalsın, digər tərəfdən də onsuz da qazax və qığızların tarixi ortaqdır. İki dövlət bir-birindən tarixi, mədəni və siyasi əlaqələrinə görə çox da fərqlənmir". Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət məsələyə münasibət bildirərkən belə deyib. A.Həsrət hesab edir ki, Qazaxıstan və Qırğızıstanın birləşməsi haqqında irəli sürülən iddialar o qədər də inandırıcı deyil. CASCAFEN sədri bunun baş verməməsi qənaətindədir. Məsələ ilə bağlı Qazaxıstan və Qırğızıstanın bir araya gələ biləcəklərinin mümkünlüyünü deyən Azər Həsrətin sözlərinə görə iki dövlət ən yaxşı halda Konfederasiya yarada bilərlər: "Birləşmə baş tutsa belə bu vahid türk birliyi daxilindən kənarda olmayacaq. Ümumilikdə isə Qazaxıstan və Qırğızıstanın indiki məqamda birləşməsi türk dövlətləri üçün arzu olunan deyil və dəstəklənmir. Digər tərəfdən isə bu tamamilə mümkünsüzdür. Çünki, Orta Asiya dünyanın super güclərinin planlarındadır. Region Rusiya, Çin və ABŞ kimi hegemoniya siyasətinin əsas oyunçularının nəzarəti altındadır. Həmin siyasi qütblər belə bir planın reallaşmasına imkan verməyəcəklər. Digər tərəfdən isə Orta Asiyadan olan xalqlar da belə bir birləşmənin baş tutmasına maraq göstərmirlər. Hətta mən Orta Asiyada səfərdə olanda orada yaşayan millətlərdə belə əhval-ruhiyyəni hiss eləmədim. Lakin gələcəkdə bu cür planların reallaşması da istisna olunmur. Ona görə də bunu qəti şəkildə rədd etmək də düzgün deyil. İndiki məqamda isə birləşəmənin baş tutması inandırıcı deyil". ("OLAYLAR" İA)