Milli Palatada İctimai Şura və ya böyük dayağın laxlaması

"Hissə-hissə götürərdim, amma mənə dərhal və hamısı gərəkdir" ("12 stul", İ.İlf və Y.Petrov)

Rus ədəbiyyatındakı "fırıldaqçılıq romanistikası"nın ən məşhur nümunələrindən biri sayılan "12 stul" əsərinin qəhrəmanı Ostap Suleyman Berta Mariya Bender və ya sadəcə, Ostap İbrahimoviç "dahi kombinator" sayılırdı. Bu obraz o qədər parlaq, inandırıcı alınmışdı ki, 1927-ci ildə yazılmış romandakı az qala hər cümlə bir aforizmə çevrildi.
Benderi xatırlamaqda məqsəd sovet yazıçıları İlya İlf və Yevgeni Petrovun yaradıcılıqlarından bəhs etmək deyil. İlk baxışdan nə qədər paradoksal olsa da, onların romanı indi Azərbaycan müxalifəti üçün ən aktual əsərlərdən birinə çevrilib.
Çünki "dahi kombinator" Ostap Bender ona inanan sadəlövh insanları aldadaraq onlardan yararlandığı kimi, Azərbaycan müxalifətindən də yararlanmağa çalışanlar var.
Bu dəfə siyasətin "Mosfilm" studiyası işə düşüb və deyəsən, Azərbaycanın müxalifət səhnəsində yeni operettanı çəkmək istəyir. Operettanın ssenari müəllifi kimi Rüstəm İbrahimbəyov təqdim olunur. Söz yox, cənab İbrahimbəyov tanınmış ssenariçidir, dünya kinematoqrafında belə, onun adını eşidəndə "Bu adam kimdir ki?!" demirlər.
Demirlər, amma onunla çox ünsiyyət də saxlamırlar.

Rüstəm İbrahimbəyovla uzun müddət bir yerdə çalışmağın mümkünsüz olduğunu, yəqin, rus kinorejissor Nikita Mixalkovdan yaxşı kimsə bilməz.
Ssenariçinin məharəti, ssenari ustalığı barədə bəhs etmirik: o, yaxşı sənətkar ola bilər. Amma yaxşı insan olması sual altında olan məsələdir. Gerçəkdən də, sənətkarın məşhurluğu və onun ad-sanı insani məziyyətlərinin də ən üst səviyyədə olduğunu sübutsuz qəbul ediləsi həqiqətə çevirmir. Necə ki, fransız Onore de Balzak böyük yazıçı, lakin kiçik insandı: hər dəfə kralı tənqid etdiyi pyesdən sonra qorxusundan evdən eşiyə çıxmazdı bir müddət. Hətta deyilənə görə, xidmətçi qadın onu bir neçə dəfə çarpayının altına girərək xofdan titrədiyini də görübmüş.
Qulluqçu qadın da yalan danışa bilər, Balzak da cəsur adam olar, Rüstəm İbrahimbəyov da sənəti təki, insani məziyyətləri ilə məşhur şəxs olar. Hər şey olar. Amma bir məqamdan savayı: Bakıda Ostap Benderin fırıldaqlarını siyasi arenada təkrarlamaq çətindir.
Daha doğrusu, mümkün deyil, çünki Azərbaycan müxalifətinə "Milli Şura" adlı operettanı hədiyyə edən Rüstəm İbrahimbəyov ssenari müəllifliyini "millətini düşünən bir neçə siyasətçi və vətənpərvər, demokrat insan"a şamil etdiyi prosesin mərhələləri daha kənarda müəyyənləşib.
O yerdə ki, mayın 28-də pərdənin qalxdığını və Milli Şuranın yaradıldığını bəyan edən insanları elə həmin pərdənin arxasında məharətlə idarə edən qruplar var. Ora "Mosfilm" yox, Azərbaycanı öz ssenariləri üçün çəkiliş meydançası kimi görən məkrli sadəlövhlərin yeridir.

"Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib..."

R.İbrahimbəyova sadəcə, pərdənin qarşısında duraraq proqramı açıqlamaq, rol almış adamlar arasındakı mizan-səhnələri razılaşdırmaq tapşırılıb.

Və tanınmış ssenariçi bu dəfə başqalarının ssenarilərinə uyğun olaraq neo-Ostaplıq edir, "gələcək konsessiya"nın hesabından hansısa mifik siyasi dividentlər vəd edir, Azərbaycanın gələcəyindən danışır, parlament və prezident səlahiyyətlərini bölşdürür, vədlər verir, iqtidar təşnəsi olan, amma 20 ildən bəri öz tərəfdarlarının fəaliyyətini normal siyasi partiya aktivliyinə çevirə bilməyən adamlara birmənalı olmayan açıqlamalar verərək onların ürəklərində Comolunqma dağından da böyük ümid tonqalları yaradır.

Gerçəkdən də, "buz qırıldı, cənab andlı iclasçılar - iclas davam edir".
Məhz bu səbəbdən Milli Şuranın yaradıcıları sırf simvolizmə qapılaraq təşkilatın qurulduğunu 28 Mayda, Respublika Günündə elan etmək istədilər.

Vəd səhər saatlarındakı elana idi. Əlverişli məqamdı: Novxanıda Məhəmməd Əmin Rəsulzadənin məzarı başına yığışmış müxalifətçilər vardı, onların önündə müxalifətin bir neçə partiyasının sədri və funksionerləri durmuşdu, üstəlik, şüarlar da səslənirdi.
Gələnlər Rəsulzadəni yad etməklə bahəm, Milli Şuranın yaradılması bəyanatını eşitmək istəyirdilər və bunu gözləyirdilər.

Ssenaridə belə yazılmışdı. Fəqət, "12 stul"da Ostapın istəyinə yerli sakinlər arasında iki-üç nəfər mane olduğu kimi, Novxanıdakı bəyanatın səslənməsinə də müxalifətdəki iki partiyanın sədrləri imkan vermədilər. Daha doğrusu, onlar şübhələndilər, məramı anlamadılar, "gələcək bölgü"də paylarının az olacağını düşündülər və "hələ fikirləşirik" söyləyərək kənara çəkildilər.

Dilətutma, yolagətirmə, vədvermə mərasimi gecəyədək davam etdi və gecəyarısına az qalmış əyalət qəzetlərindəki başsağlığı ölçüsü və formasında açıqlama verildi: "Milli Şura yaradıldı".
Amma həmin Şuranı səbirsizliklə gözləyənlər dərindən nəfəs alıb "Oxqay!" demədilər: onların qəlblərini şübhə çəkicləri döyəcləyirdi.

"Vallah, heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir..."

Ostap Benderin ssenarisi və "Mosfilm"in siyasi analoqunun prodüserliyi ilə hazırlanan operetta saatlar keçdikcə tragikomediyaya çevrilirdi.

Ən azı ona görə ki, ötən il özünü "müxalifət və cəmiyyətdəki sağlam qüvvələri birləşdirən struktur" kimi təqdim edərək yaradılan İctimai Palata müxalifət qüvvələrinə rəhbərlik səlahiyyətlərini heç bir halda Milli Şuraya vermək niyyətində deyil.

Belədirsə, dağınıq məkanın iki "mərkəz"inin olması özünü "nəhəng krallıq" adlandıran cırtdan dövlətin iki şəhəri paytaxt elan etməsi kimi absurd hadisəyə çevrilir.

Yox, əgər Rüstəm İbrahimbəyov və onun ətrafına yığışaraq Milli Şuranı bəyan edənlər sıralarına dəvət etdiyi müxalifət partiyalarının həm də İctimai Palatada təmsil olunmalarına qarşı çıxmırlarsa, onda toplananların yeri dəyişərək cəmi dəyişir və riyaziyyat qanunları gedir öz işinə, müxalifətdə İctimai Şura və Milli Palata adlandırıla biləcək qəribə simbiozlar təşəkkül tapmağa başlayır.

Heyf o pullara ki, Moskvadakı ssenari müəllifləri Milli Şura idefiksinə ayırıblar.
Çünki belə uğursuz siyasi operettaya məsrəf edincə, həmin pullara gerçək komediya çəkmək və ya işini bilən rejissorlardan birinə maraqlı film həvalə etmək olardı. Amma nə edəsən ki, siyasi tamah adi iştahdan daha kəskin olur, maraqlarla mənafelərin çulğalaşması bəzən ironik nəticələr verir.milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00