“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”
İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü bütün dünya, beynəlxalq təşkilatlar tərəfindən tanınır və münaqişənin həlli yalnız ərazi bütövlüyü prinsipləri əsasında ola bilər"
30 May 2013 17:47 SiyasətMayın 30-da Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumda Azərbaycan respublikasının prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı bildirib ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi "Bakı Prosesi"nin təzahürüdür: "Artıq "Bakı Prosesi" inkişaf edir və əminəm ki, bu forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcək. Çünki biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın, əməkdaşlıq meylləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, hələ ki, biz tam şəkildə istədiyimizə nail ola bilmirik. Çünki dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, vətəndaş müharibələri baş verir, anlaşılmazlıq meylləri artır. Və hesab edirəm ki, bu formatda bu vacib məsələlərin müzakirə edilməsi ümumi işimizə, əməkdaşlıq işimizə bir töhfə olacaqdır".
İlham Əliyev bildirib ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı idi: "Və çox şadam ki, müstəqillik dövründə biz nəinki müsbət meylləri qoruyub saxlaya bilmişik, hesab edirəm ki, biz onları daha da gücləndirmişik və təkcə artıq öz fəaliyyətimizi ölkənin hüdudları ilə məhdudlaşdırmırıq, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır və hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz - istər siyasi, iqtisadi və digər sahələrlə bağlı təşəbbüslərimiz də eyni zamanda regional əməkdaşlıq üçün yaxşı şərait yaradır. Və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir. Ölkələrin siyasi maraqları ola bilər və vardır, təbii ki, iqtisadi maraqlar da var. O ölkələri birləşdirən bir çox hallarda elə bu maraqlardır. Ancaq hesab edirəm ki, əməkdaşlığın müsbət meyllərini gücləndirmək üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır". İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan müsəlman aləminin bir parçasıdır və əlbəttə ki, milli və dini ənənələr Azərbaycanda çox güclüdür: "Müstəqil Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur. Və iki gün əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini qeyd edirdik. Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk respublika idi. Və əslində nəinki Azərbaycan xalqının müstəqilliyini şərtləndirdi, eyni zamanda bölgədə də, müsəlman aləmində də respublika quruluşunun inkişafına, yayılmasına təkan vermişdi". Dövlət başçısı bildirib ki, Azərbaycan müsəlman aləminin bir parcası olaraq, İslam Əməkdaşlıq Təşkilatında da cox fəal iş aparır: "Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci ildə isə bizim digər qədim şəhərimiz - Naxçıvan bu şərəfli ada layiq görülüb. Bununla bərabər, keçən il Bakıda Avropanın, bəlkə də dünyanın ən mötəbər müsuqi yarışı - "Eurovision" keçirilib. 2015-ci ildə Avropanın I Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Yəni bu məsələlər özlüyündə göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması üçün nəinki çox gözəl zəmin və əsas var, eyni zamanda biz öz təşəbbüslərimiz, xarici siyasətimiz və sivilizasiyalararası dialoqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk. Bu doğrudan da vacib məsələdir. Çünki dünyada biz hamımız bunun şahidiyik - həm müsbət meyllər var, eyni zamanda mənfi meyllər də var. Son vaxtlar multikulturalizmlə bağlı müxtəlif fikirlər, yəni tam ziddiyyət təşkil edən fikirlər səslənir. Bəziləri hesab edirlər ki, multikultiralizm iflasa uğradı, bəzi ölkələrdə siyasətçilər bu barədə hətta açıq bəyanatlar verirlər. İctimai rəydə görürük ki, multikultiralizm meyllərinin inkişafı ilə bağlı çox bədbin fikirlər var. Əfsuslar olsun ki, bəzi hallarda siyasi bəyanatlar, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, bəzi media qurumlarının fəaliyyəti sivilizasiyalararası dialoqun inkişafına deyil, əksinə, ayrı-seçkiliyə daha da şərait yaratmışdı. Ona görə də burada siyasətçilərin, ictimai xadimlərin məsuliyyəti də böyük əhəmiyyət kəsb edir. Çünki bugünki dünyada qloballaşan internet dövründə istənilən yerdə səslənən hər bir fikir böyük əks-səda verir. Mən hesab edirəm ki, biz müsbət təcrübəni daha da geniş şəkildə təbliğ etməliyik. Çünki burada, bu forumda iştirak edən insanları bir amal birləşdirir. Multikulturalizmin inkişafı mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı bizi birləşdirir. Belə olan halda, biz də çalışmalıyıq ki, öz işimizlə, öz praktiki addımlarımızla bu müsbət meylləri gücləndirək. Yenə də Azərbaycana qayıdaraq deyə bilərəm ki, Azərbaycanda multikulturalizmin mövcudluğu əsrlər boyu vardır. Sadəcə olaraq, əvvəlki dövrlərdə biz bu ifadə ilə tanış deyildik. Bu, nisbətən yeni bir ifadədir".
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bir tərəfdən beynəlxalq hüquq normalarına hörmətin əlaməti olacaq, digər tərəfdən tarixi ədalət bərpa ediləcək. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, bütün toponimlər Azərbaycan toponimləridir, bütün abidələr bizim xalqımızın məhsuludur, Azərbaycan xalqının istedadının, zəhmətinin məhsuludur. Dövlət başçısı bildirib ki, münaqişənin tezliklə həll edilməsi bölgəyə sülh gətirəcək. Və belə olan halda bölgədə gedən proseslər daim müsbət istiqamətdə gedəcəkdir: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən tanınır və münaqişənin həlli yalnız ərazi bütövlüyü prinsipləri əsasında ola bilər". İlham Əliyevin sözlərinə görə, multikulturalizmin inkişafı hər bir xalq üçün, hər bir dövlət üçün vacibdir, xüsusilə etnik təmizləmədən zərər çəkmiş ölkə olan Azərbaycan üçün: "Çünki məhz multikulturalizm meyllərinin aşağı səviyyədə olması nəticəsində Azərbaycan torpaqları işğal altına düşmüşdür. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Bizim xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Azərbaycan əhalisi Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuşdur, bizim bütün dini abidələrimiz dağıdılıb, bütün tarixi sərvətlərimiz dağıdılıb, talan edilib. Və buna əyani sübut ATƏT-in iki missiyasının məruzələridir. Bu missiyaların məruzələrində açıq-aydın göstərilir ki, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən bütün abidələr, bütün infrastruktur, bütün binalar dağıdılıb. Bu ədalətsizlik davam edir. Əfsuslar olsun ki, münaqişə öz həllini tapmır və beynəlxalq hüquq normaları bu münaqişə ilə bağlı işləmir. BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına açıq-aydın mesajlar vardır. Qeyd-şərtsiz işğala son qoyulmalıdır. Ancaq Ermənistan bu qətnamələrə əməl etmir və işğal davam edir, ədalətsizlik davam edir və beynəlxalq hüquq normaları kobudcasına pozulur".
Alim