Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının X konfransı keçirilib
30 May 2013 17:42 Siyasət30 may 2013-cü il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının X konfransı keçirilib.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər. Konfrans iştirakçıları ilk olaraq partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Hesabat məruzəsi ilə çıxış edən rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov IX konfransdan keçən dövrdə görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, partiyanın rayon təşkilatı və aparatı ərazidə həyata keçirilən ictimai-siyasi işlərdə fəal iştirak edib, aparıcı siyasi qüvvəyə çevrilib. Qeyd olunub ki, hazırda YAP Qaradağ rayon təşkilatının 11 mindən çox üzvü var ki, onlar 122 ilk təşkilatda təmsil olunurlar. Sevindirici haldır ki, IX konfransdan ötən müddətdə partiya rayon təşkilatının üzvləri arasında gənclərin və qadınların sayı daha da artıb. Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və başqaları çıxış edərək, ölkəmizdə müxtəlif sahələrdə aparılan abadlıq-quruculuq işlərindən danışıblar. Natiqlər bildiriblər ki, dövlətimizin başçısı, YAP sədri İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirib, xalqımızın rifah halı daha da yaxşılaşıb. Bu müvəffəqiyyətlər qədirbilən Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qaradağ rayonundan deputat seçilməsinin bütün qaradağlılarda qürur hissi formalaşdırdığı qeyd olunub. Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayında iştirak edəcək 27 nəfərdən ibarət nümayəndə heyəti seçildi.
Sonda konfrans iştirakçıları YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.