VHP Milli Şurada təmsil olunacaq

Samir Əsədli: “Elan olunan isə Milli Şura yox, sadəcə olaraq İctimai Palata və Məşvərət Məclisinə daxil olan partiyaların razılaşdırılmasıdır”

Bir müddət əvvəl mətbuata açıqlama verən VHP-nin Siyasi Şurasının üzvü Əlövsət Əliyev partiyanın Milli Şurada iştirak etməyəcəyini bildirdi. Onun sözlərinə görə, təmsil etdiyi partiya Milli Şura kimi qurumların yaradılmasında perspektiv görmür və VHP-ın bu cür qurumlarda təmsil olunmaq niyyəti yoxdur. Lakin partiya sədri Sabir Rüstəmxanlı VHP-nin Milli Şurada təmsil olunmasına isti münasibət göstərdiyini nümayiş etdirdi. S.Rüstəmxalı Milli Şuranın ciddi iş görəcəyi təqdirdə onu Milli Məclisdə təmsil edə biləcəyini vurğuladı: "Mən də hazırda Milli Məclisdəyəm. Milli Şura da Milli Məclisə bənzər, alternativ qurumdur. Lazım olarsa, Milli Şura doğurdan da ciddi iş görərsə biz onu Milli Məclisdə təmsil edərik". Amma Milli Şuranın elan olunmasına baxmayaraq VHP-in adının orada hallandırılmaması partiyanın birlikdə təmsilçilik məsələsini şübhə altına salır. Məsələyə münasibət bildirən VHP-in Siyasi Şurasının üzvü Samir Əsədli bildirdi ki, partiyasının Milli Şurada iştirak etməyəcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Milli Şura nə vaxt elan olundu ki, Vətəndaş Həmrəyliyi Partiyası orada iştirak etmədi? Milli Şura hələ elan olunmayıb. Sadəcə olaraq qurumun yaradılması barədə danışıqların ilkin mərhələsi keçirildi. Elan olunan isə Milli Şura yox, sadəcə olaraq İctimai Palata və Məşvərət Məclisinə daxil olan partiyaların razılaşdırılmasıdır. Milli Şura yaranacaqsa, təbii ki, Vətəndaş Həmrəyliyi Partiyası orada təmsil olunacaq. Hələlik isə qurumun tərkibi elan olunmayıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00