Cəmiyyət Milli Şuraya “yox” deyir
Millət vəkili: “Bu cəhdlər milli müstəqil dövlətçiliyimizə qarşı olduğu üçün cəmiyyət tərəfindən rədd edilir”
30 May 2013 16:06 Siyasət"Azərbaycan dövləti Azərbaycan mənafeyinə və maraqlarına əsaslanan, müstəqil milli inkişafı hədəfləyən siyasət yürüdür. Əlbəttə, bu, xaricdə müəyyən dairələrin xoşuna gəlməyə bilər, eyni zamanda, xarici dairələrin maraqlarına uyğun hərəkət edən müxalif qüvvələr də Azərbaycan hakimiyyətinə qarşı özlərinin müxalifliyini qabarıq şəkildə və radikal olaraq büruzə verə bilər". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bunun üçün müxtəlif adlar altında müxtəlif qurumlarda da bir araya gəlmək cəhdləri var, ancaq bu cəhdlərin hamısı uğursuzdur və cəmiyyətdə dəstəyə malik deyil: "Çünki bu cəhdlər milli müstəqil dövlətçiliyimizə qarşı olduğu üçün cəmiyyət tərəfindən rədd edilir. Cəmiyyətimiz bu qüvvələrin antimilli məqsədlərə xidmət etdiyini və milli dövlətçiliyimizə, müstəqil inkişafımıza qarşı olduqlarını yaxşı anlayır. Ona görə də cəmiyyət bu cür qüvvələrə və onların fəaliyyətinə "yox" deyir. Həmin qüvvələr "milli", "ziyalı", "el" və başqa adlar altında gizlənmələrinə baxmayaraq, antimilli mahiyyətlərini, xarici dairələrin əlində oyuncaq olduqlarını və milli müstəqil inkişafa qarşı dayanmağa cəhd etdiklərini gizlədə, ört-basdır edə bilmirlər.Buna görə də cəmiyyət onları qəbul etmir və bu qüvvələrə dəstəyi yoxdur. Müstəqilliyimiz və milli dövlətçiliyimiz isə öz mədəniyyətimizə, dəyərlərimizə, tariximizə, sərvətlərimizə, bir sözlə, bizə aid olan hər dəyərə sahib çıxmağımızdır".