Milli Şura Azərbaycanı ələ keçirmək istəyən Kremlin siyasi layihəsidir
Fəzail Ağamalı: “Rüstəm İbrahimbəyov Kremlin köməyilə çalışır ki, qarşıdan gələn prezident seçkilərində Milli Şuranın vahid namizədi və Rusiyanın adamı kimi çıxış etsin”
30 May 2013 13:41 Siyasət"Milli Şuranın yaradılmasında başlıca niyyət Rüstəm İbrahimbəyovun Rusiyanın Azərbaycanla bağlı aldığı tapşırıqları icra etməkdir. İbrahimbəyov da Kremldə hazırlanmış ideyanın ən vacib, ən aktiv icraçılarından biridir". Millət vəkili Fəzail Ağamalı kinodramaturq Rüstəm İbrahimbəyovun bəzi müxalifət nümayəndələri tərəfindən Milli Şuranın vahid namizədi olması təklifinə münasibət bildirərkən belə deyib. F.Ağamalının sözlərinə görə R.İbrahimbəyov Kremlin köməyilə çalışır ki, qarşıdan gələn prezident seçkilərində Milli Şuranın vahid namizədi və Rusiyanın adamı kimi çıxış etsin: "Özünü milli demokrat, milli qüvvələr adlandıran AXCP, Müsavat partiyalarının funksionerləri yenidən Azərbaycanın Kremlin boyunduruğuna düşməsinə icazə verəcəklər?! Əgər razılıq verilibsə, bunun bir adı var; milli xəyanət. Onların niyyəti Azərbaycanı Rusiyanın forpostuna çevirməkdir. Planlarını həyata keçirmək üçün Moskva çalışacaq ki, Rüstəm İbrahimbəyov seçkilərdə müxalifətin vahid namizədi kimi iştirak eləsin. İbrahimbəyov bu barədə sussa da, lakin bütün tərəflərdən görünür ki, həm R.İbrahimbəyov, həm də Eldar Namazov birmənalı şəkildə Rusiyanın bir nömərli adamlarıdır". Millət vəkili hesab edir ki, Milli Şura Azərbaycanı ələ keçirmək istəyən Kremlin siyasi layihəsidir və bunun əsas icraçıları Namazov və İbrahimbəyovdur. F.Ağamalı qeyd etdi ki, Azərbaycan xalqı İbrahimbəyov və onun kimi adamların Rusiyanın məkrli planlarını həyata keçirmələrinə icazə verməyəcək. Azərbaycan xalqı birmənalı olaraq bu gün əldə edilmiş müstəqilliyin qorunub saxlanılmasına köklənmiş olan böyük bir toplumdur. Millət vəkilinin sözlərinə görə Azərbaycan xalqının mütləq əksəriyyəti bütün iddiaçılardan daha çox vətənpərvər olan, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə aparan, bu mübarizədə ardıcılı mövqe tutan, Qərbə inteqrasiyanı Azərbaycanın prioriteti hesab edən İlham Əliyevə üstünlük verir. "Qarşıdan gələn prezident seçkilərində əhalinin mütləq əksəriyyəti bir daha İlham Əliyevin namizədliyini müdafiə edəcək və onu yenidən dövlət başçısı kimi gərəcək" - Fəzail Ağamalı deyib. ("OLAYLAR" İA)