QHT Əməkdaşlıq Alyansı yenə toplaşdı
30 May 2013 13:35 SiyasətQHT Əməkdaşlıq Alyansı "2013-cü ilin prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması" mövzusunda tədbir keçirib. Tədbirdə Azərbaycanda keçirilən seçkilər zamanı həm vətəndaş cəmiyyətinin, həm də beynəlxalq təşkilatların yanaşmalarında ciddi fərqlərin üzə çıxması haqda müzakirələr aparılıb. Beynəlxalq təşkilatlar və xarici müşahidə missiyaları öncədən müəyyənləşən hüquq müdafiə, media və vətəndaş cəmiyyəti təşkilatlarının hesabat və tövsiyyələrinə əsaslanaraq QHT Əməkdaşlıq Alyansı belə ciddi fərqlərin olduğunu deyir: "Keçirilən seçkilər zamanı həm vətəndaş cəmiyyətinin, həm də beynəlxalq təşkilatların yanaşmalarında ciddi fərqlərin üzə çıxıb. Nəticədə son hesabat qüsurlu olur. Bəzən yerli səviyyədə fəaliyyət göstərən tərəfsiz QHT-lər də bu sahədə fəallıq göstərmir və fəaliyyətlərini uzlaşdırmırlar". Toplantıda beynəlxalq qurumlarla yerli QHT-lərin əməkdaşlığının vacibliyi və fəaliyyətlərinin uzlaşdırılması üçün əməkdaşlıq yollarının müəyyənləşdirilməsi barədə geniş müzakirələr aparılıb. Tədbirdə beynəlxalq təşkilatların, müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT və media rəhbərləri iştirak edib. ( "OLAYLAR" İA)