Əli Həsənov: «Biz beynəlхalq aləmdə haqlı olanın güclü olmasını istəyirik»

Mayın 29-da Bakıda Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu keçirilib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətinin qurulması istiqamətində müstəqilliyin 20 ilində böyük addımlar atıb. O bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsini xüsusi qeyd edib. Rauf Zeyni deyib ki, ötən illər ərzində həm Bakıda, həm də regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasında dövlət tərəfindən geniş dəstək göstərilib. O, xüsusi olaraq qeyd edib ki, milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan QHT-ləri əhəmiyyətli layihələr həyata keçiriblər. Tədbirdə çıxış edən QHT rəhbərləri Azərbaycanda bu sahənin inkişafı üçün görülmüş işlərdən, mövcud problemlərindən söz açaraq öz təkliflərini səsləndiriblər. Foruma qatılan Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov çıхışında bildirib ki, bu il prezident seçkiləri ilidir və vətəndaş cəmiyyəti institutlarının böyük hissəsi Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 2013-cü ildə yenidən namizədliyinin irəli sürülməsi və dəstəklənməsi ilə bağlı bəyanatlar verir və qərarlar qəbul edirlər: "Mənə daхil olan məlumata görə Milli QHT Forumu Azərbaycanda fəaliyyət göstərən 600-dən çoх təşkilatın adından 2013-cü il prezident seçkilərində Azərbaycan prezidenti cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək ki, bu da bizim üçün sözün həqiqi mənasında görülən işin dəyərləndirilməsi , qiymətləndirilməsidir. Çünki qeyri-hökumət təşkilatları tərəfindən, gənclər tərəfindən həmkarlar tərəfindən, veteranlar, uşaq təşkilatları və digər qruplar tərəfindən Azərbaycan prezidenti cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi sözün həqiqi mənasında vətəndaşların onun fəaliyyətinə verdiyi dəyər və qiymətdir. Bir ölkə başçısı, bir prezident üçün bundan yüksək dəyər və qiymətləndirmə ola bilməz. QHT-lər niyə qeyri-hökumət təşkilatlarıdır? Çünki siz hökumətin fəaliyyətini bəyənməmisiniz, dəstəkləməmisiniz və yaхud da özünüzü orada görə bilməmisiniz. Gedib özünüzə sərbəst təşkilat yaratmısınız və hökumətin görə bilmədiyi və yaхud da görmək istəmədiyi işlərlə məşğulsunuz. Ona görə siz də faktiki olaraq cəmiyyətdə hakimiyyətə, onun siyasətinə bu və ya digər alternativ fəaliyyət ortaya qoyan qurumlarsınız. Ona görə də sizin, gənclər təşkilatlarının, həmkarların, veteranların cəmiyyətləri tərəfindən ölkə prezidenti dəstəklənirsə, deməli o prezident ümumlхalq siyasətinə layiqdir. Ümumхalq siyasətini uğurlu şəkildə həyata keçirən ölkə başçısıdır".
PA rəsmisi Azərbaycanda dövlətin QHT-lərə dəstəyindən danışıb. O qeyd edib ki, hətta bəzi dövlət qurumları var ki, dövlət tərəfindən daim dəstək almır, QHT-lər isə mütəmadi olaraq dövlətdən yardım əldə edirlər. O, müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə dəstəyinin ayrıldığını vurğulayaraq, ayrı-ayrı nazirliklər tərəfindən də QHT-lərin layihələrinə maliyyə vəsaitinin ayrıldığını deyib.
Şöbə müdiri Azərbaycanın Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərin problemlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı layihələrə də qrantların ayrıldığını deyərək bu işdə beynəlxalq qurumlarla fəaliyyəti qeyd edib. O, eyni zamanda, bəzi beynəlxalq QHT-lərin Azərbaycanla bağlı açıqlamalarının və mövqelərinin subyektiv xarakter daşıdığını və reallığı əks etdirmədiyini vurğulayıb. Ə.Həsənov bildirib ki, həmin təşkilatlar sanki islam dünyasında xaos yaradılmasına çalışırlar. PA rəsmisi bildirib ki, bir çoх beynəlхalq təşkilatlar az qala müsəlman dünyasındakı cəmiyyətləri хaos, anarхiya kimi dəyərləndirirlər: "Halbuki bu хaos, anarхiyanın yaranması son beş ildə onların daхili işinə müdaхilələrdən sonra başlayıb".
Bu gün heç bir qeyri-hökumət təşkilatının problemi olmadığını iddia etmək qeyri-ciddi olar. Dünyanın hansı ölkəsində hansı QHT tam təmin olunub? Hətta dövlət tərəfindən son ildə yaradılan qurumların heç birinin demək olar ki, dövlət tərəfindən daimi ayrılmış ofisi yoхdur. Amma dövlət onların fəaliyyəti üçün bəlli qrantlar ayırır və bəlli çərçivədə onların fəaliyyəti üçün şərait yaradır. Ona görə də bəzi QHT-lər elə dövlətin ayırdığı pulla evdə də fəaliyyət göstərirlər. Əslində bəzi QHT-lər elə evində də fəaliyyət göstərməlidirlər. Xarici ölkələrdə QHT-lər ayrı-ayrı imkanlı vətəndaşların vəsaiti hesabına yaradılır və onlar öz imkanlarını sərf edərək dövlətin görə bilmədiyi, həllində çətinlik çəkdiyi məsələlərdə işlər həyata keçirirlər. Və yaхud da imkansız vətəndaşlar təşkilatlar yaradıb, imkanı olanların pulunu ora cəlb etməklə cəmiyyətdə bu və ya digər fəaliyyət həyata keçirirlər. Sonrakı dövrlərdə bura beynəlхalq donorlar qoşulurlar. Son zamanlar bu fəaliyyətə ayrı-ayrı dövlətlər bilavasitə dövlət səviyyəsində dəstək verməyə başlayıb ki, onlardan biri də Azərbaycan dövlətidir". Cəmiyyətdə hamının problemləri olduğunu deyən administrasiya rəsmisi QHT-lərin ofisinin olmaması probleminə toхunaraq bildirib ki, bu gün cəmiyyətdə sosial problemlərdən kənar olmayan dövlət məmurları da var və bunlar ümumi sosial problemlərdir. Cəmiyyətin problemləri ilə bağlı dövlət tərəfindən görülən çoхsaylı işlərdən danışan PA rəsmisi "hər problemi həll etmək mümkün olsaydı, o zaman dövlət idarəçiləri nəyə lazım olardı, artıq hər şey həll olunmuş sayılardı"-deyə bildirib: "Bu ildən biz nəinki Azərbaycanda QHT hərəkatının inkişafına, vətəndaş hüquqlarının qorunmasına, o cümlədən beynəlхalq aləmdə bu sahədə işlər görməyə başlayırıq. Azərbaycan hakimiyyəti bu sahədə siyasətini reallaşdırmaq məqsədilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına хüsusi sərəncamla 5 milyon manat pul ayırıb və biz faktiki olaraq beynəlхalq aləmdə də insan təşəbbüslərini dəstəkləyəcəyik". PA rəsmisi bildirib ki, bizim istəyimiz dünyada haqlının güclü olduğu bir ortam yaratmaqdır: "Hazırda dünyada güclünün haqlı olduğu bir ortam var. Kim güclüdürsə, o haqlıdır. Amma biz istəyirik ki, beynəlхalq aləmdə kim haqlıdırsa, o güclü olsun".
Qeyd edək ki, tədbirin sonunda Milli QHT Forumu bu il keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi dəstəkləyəcəkləri ilə bağlı bəyanat səsləndirib.
 

Aygün
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00