“Azərbaycan prezidentinin seçkilərdə qalib gələcəyi heç kimdə şübhə doğurmur”
29 May 2013 19:00 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə namizədliyinin dəstəklənməsi və qalib gəlməsi faktiki olaraq Azərbaycanda heç kimdə şübhə doğurmur". Bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün Bakıda keçirilən "QHT - Hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə çıxışı zamanı bildirib. O, bildirib ki, hətta Avropa Birliyi, Avropa Komissiyası nəzdində fəaliyyət göstərən bir qurumun keçirdiyi sorğuya görə Azərbaycanın səsvermə hüququ olan vətəndaşlarının 92%-i Azərbaycan hökumətinin fəaliyyətindən ümumən razıdır: "Bu o deməkdir ki, Azərbaycan seçicisi 2013-cü ildə keçiriləcək seçkilərdə Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Bizim buna şübhəmiz yoxdur, lakin məlum prosedurlar var ki, biz onları həyata keçirməliyik. Biz demokratik dövlətik, öz vətəndaş cəmiyyətinə söykənən, siyasi partiya fəaliyyəti və onun hakimiyyət uğrunda sərbəst yarışını ehtiva edən bir cəmiyyət qurmuşuq, siyasi plüralizm bu cəmiyyətin əsasını təşkil edir. Bu anlamda 2013-cü il prezident seçkiləri də demokratik əsaslarda keçiriləcək, tam şəffaf olacaq, insanlara öz iradəsini sərbəst şəkildə ifadə etmək şəraiti yaradacaq və bunun nəticəsində prezident seçkiləri baş tutmuş hesab olunacaq". ("OLAYLAR"İA)