Azərbaycan QHT-ləri seçkilərdə Prezident İlham Əliyevə dəstək verir

"QHT-lər Azərbaycan siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır". Bu açıqlama ilə "QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" adlı tədbirdə  Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 600-dən çox QHT nümayəndəsinin Azərbaycan Prezidenti seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsinin böyük əhəmiyyəti var. Ə. Həsənov 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayıb. PA rəsmisi deyib ki, bu gün QHT-lərin Azərbaycan prezidenti İlham Əliyevin namizədliyini dəstəkləməsini dövlət olaraq çox yüksək dəyərləndirirlər: "Çünki vətəndaş cəmiyyəti təşkilatları, gənclər, həmkarlar, veteranlar tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsi vətəndaşların onun fəaliyyətinə verdiyi dəyərdir. Bir ölkə başçısı, prezident üçün bundan yüksək dəyər, qiymətləndirmə ola bilməz. Bilirsiniz ki, həmkarlar cəmiyyətin ən çətin idarə olunan qruplarıdır və həmkarlar hər zaman dövlət qurumlarında zəhmətkeşlərin hüquqlarının müdafiəsi üçün yaranıb, ona görə onlar bir qayda olaraq onlar dövlətə opponentlik edirlər. Gənclər isə hətta ailələrində belə valideynlərin mövqelərinə opponentlik edən kateqoriyadır. QHT-lər də hökumətin görə bilmədiyi və yaxud görmək istəmədiyi işlərlə məşğuldur. Bu səbəbdən QHT-lər də hakimiyyətə, onun siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır". ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00