Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Elşad Nəsirov: "ABŞ-ın dəstəyi olmadan Avropanın enerji təhlükəsizliyi təmin oluna bilməz"

Bakıda keçirilən "Azərbaycan-ABŞ: Gələcəyə baxış" forumu çərçivəsində "Enerji Təhlükəsizliyi -Xəzər dənizindən Avropaya doğru; dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası. Cənub Enerji Dəhlizinin yeni perspektivləri" mövzusunda sessiya keçirilib. Əvvəlcə Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov Azərbaycanın neft gəlirləri və onun istifadəsi barədə məlumat verib. Sessiyada çıxış edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, Azərbaycan beynəlxalq təşklatlarla əməkdaşlıq edərək təhlükəsizliyini təmin edib: "Azərbaycan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə həm öz inkişafını, həm də bir dövlət kimi təhlükəsizliyini təmin edib. Azərbaycanın inkişafında energetika mühüm rol oynayır. Bu gün Azərbaycan öz qazını Avropaya nəql etməyə çalışır. Mən hər iki-üç həftədən bir buraya gəlirəm. Hər dəfə də mənim üçün surprizlər var". Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində təkcə Avropaya deyil, bütün dünyaya töhvə verir. Hələ ikinci dünya müharibəsi dövründə neftin 80 faizi Azərbaycanın hesabına təmin olunurdu. Müstəqillik dövründə Azərbaycan öz qazı hesabına Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışırdı. Lakin bu çox çətin məsələ idi və bununla bağlı qərarın qəbil edilməsində ABŞ-ın böyük dəstəyi olub. Onun sözlərinə görə, artıq on ildir ki, NABUCCO layihəsi ilə bağlı müzakirələr aparılır: "Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün qaz və neft kəmərləri çəkməliyik. NABUCCO-nun dəyəri 50 milyard dollar idi. Ancaq kəmərin çəkilməsinə lazımı dəstək göstərilmir. İraqdakı bir günlük əməliyyatlarda 1 milyard dollar xərclənir. Bir gün İraqdan ABŞ qoşunları çıxarılsa NABUCCO çəkilə bilər.Yəni bu Avropanın təhlükəsizliyinə dəyməzmi? Azərbaycan gec, ya da tez Avropanın enerji təhlükəsiliyini təmin edəcək". E.Nəsirov əlavə edib ki, indi əsas məsələ Şahdəniz-2 qazının nəql edilməsi üçün dəhlizin seçilməsi barədə qərarın qəbul edilməsidir. Bundan ötrü digər ölkələr bizdən inciməməlidir. Gələcəkdə onlar da qazla təmin olunacaq: "ABŞ Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçıların qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxması barədə qərara qol çəkib. İndi Avropanın təhlükəsizliyi naminə bu qərarların icrası təmin edilməli, Dağlıq Qarabağ probleminin həllinə nail olunmalıdır". E.Nəsirov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün çalışır: "ABŞ-ın dəstəyi olmadan Avropanın enerji təhlükəsizliyi təmin oluna bilməyəcək. Avropanın 47 ölkəsindən 3 əsas qaz istehsalatçısı var. Bu ölkələrdən biri Azərbaycandır". Tədbirdə çıxış edən ABŞ nümayəndələri bəyan ediblər ki, hazırda dünya ölkələrinin təbii qaza üstünlük vermələri istilik enerjisinin sayının azalmasına səbəb olub. Belə bir şəraitdə təbii qaz Azərbaycan üçün qlobal enerji baxımından mühüm rol oynaya bilər. Çünki, ABŞ dünyada ən böyük qaz istehsalçısı olsa da ixracatçı deyil. Lakin yaxın 10-15 il ərzində ABŞ mayeləşdirilmiş qaz ixracatçısına çevrilə bilər. Hazırda mayeləşdirilmiş qazın dünya bazarına çıxarılması prosesi gedir. ABŞ-ın enerji bazarı açıqdır. Əgər ABŞ mayeləşdirilmiş qaz idxalçısına çevrilsə, bu onun təcridetmə siyasət yürütməsinə əsas ola bilməz: "Bu proses istər-istəməz rəqabətin yaranmasına səbəb olacaq. Bu, Azərbaycan üçün o deməkdir ki, "Şahdəniz" qazının Avropaya çıxarılması barədə düşünülməlidir. Hazırda biz bu qaz nəqlinin marşurutu barədə qərarı gözləyirik". Çıxış edən ekspertlər bildiriblər ki, TANAP layihəsi Avropa üçün kiçik ehtiyacdır. Bu layihə daha çox Türkiyəyə sərfəlidir. Çünki, Türkiyə Avropaya elektrik enerjisi satmağa hazırlaşır ki, bunun istehsalı üçün qaza ehtiyacı var. Çıxış edənlər həmçinin bildiriblər ki, son vaxta qədər Mərkəzi və Şərqi Avropa Rusiya qazından asılı vəziyyətdə qalıb. Rusiya isə bundan sui-istifadə edərək siyasi məqsədlər güdür. Tədbir iştirakçılarının suallarını cavablandıran Elşad Nəsirov qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, qaz idxalçısından ixracatçı ölkəyə çevrilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00