İctimai Palata tarix oldu - SİYASİ ANALİZ

Qurum özünü buraxa bilər

Son parlament seçkilərindən sonra yaranmış və "alternativ parlament" kimi nəzərdə tutulmuş İctimai Palata hazırda lazımsız quruma çevrilib. Milli Şura yaradılandan sonra İP-in aqibətinin necə olacağı sual olaraq qalır. İP təsisçilərindən Müsavat və AXCP Milli Şuranın nüvəsini təşkil edirlər. Özəlliklə AXCP rəhbərliyi Milli Şuraya o qədər ümidlidir ki, İctimai Palata onların yadına belə düşmür. Əslində AXCP İP-in buraxılmasından yana idi. Çünki İP-də səs üstünlüyü Müsavatın tərəfində idi. Əksər rəy sorğularında birinci yeri tutan, İsa Qəmbəri üstələyən Əli Kərimli İP Koordinasiya Şurasına  seçkilərdə 5-ci nəticə göstərmişdi. İP-də Müsavatın təsir gücü o qədər idi ki, hətta istəsələr Arif Hacılını belə Əli Kərimlidən üstün mövqeyə gətirə bilirdilər. Təsisçi partiyalardan KXCP ümumiyyətlə, İP-dən çıxmaq üçün bəhanə axtarırdı. Partiyanın sədri Mirmahmud Mirəlioğlu İP-in toplantılarının birində də iştirak etməyib. İP-də partiyanı "Demokratik Birlik" fraksiyası və onun rəhbəri Ədalət Yusibov təmsil edir. Fraksiyanın bütün üzvləri İP-lə əməkdaşlığa görə partiyadan çıxarılıb. Ədalət Yusibov isə keçmiş xidmətlərinə görə, partiyada saxlanılır. KXCP-nin İP-ə münasibəti ortadadır və bu partiya üçün qurumun qalıb-qalmaması o qədər də vacib deyil. Müsavat Partiyası İP-in qalmasında maraqlıdır. Çünki bu partiya Milli Şuranın yaradılmasına o qədər də maraq göstərmirdi. Müsavatda hesab edirdilər ki, Milli Şura baş tutmasa və ya yaranandan bir müddət sonra buraxılarsa, İctimai Palatanı Müsavat başqanının seçki bloku kimi genişləndirmək olar. Milli Şura elan edilib. Maraqlıdır ki, hələ İctimai Palatadan danışan yoxdur. Müsavat qurumun buraxılmasını istəmir. Amma həm də İP barədə danışmaq, bu qurumun varlığını xatırlatmaq Milli Şuraya xəyanət kimi dəyərləndirilə bilər. Milli Şuraya böyük önəm verən, bu qurumu Əli Kərimlinin AXCP  seçki bloku kimi görən Cəbhə rəhbərliyi İP-i unutdurmağa çalışır.  Yəqin ki, AXCP İP-in tamamilə sıradan çıxarılmasına çalışacaq. Əksinə, Müsavat dəstəkçi cırtdan partiyaların dili ilə İP-in varlığını xatırladacaq. Ehtimal var ki, başqa partiyaların dəstəyinə arxalanan AXCP ictimai rəydə Müsavata üstün gələcək. Müsavat və müttəfiqləri İP-in saxlanmasına nail ola bilməyəcəklər. İctimai Palata son toplantısını keçirib, özünü buraxa da bilər.  Ancaq az da olsa ehtimal var ki, İP-in Milli Şuranın tərkibinə etiraz edən hissəsi, müstəqil siyasətçilər, politoloqlar qurumu saxlamağa təşəbbüs edə bilərlər. Xatırladaq ki, bir sıra İP üzvləri prezident seçkilərində təkbaşına iştirak edəcəklərini açıqlamışdılar. Onların arasında ictimai rəydə nisbətən ciddi fiqur kimi qəbul olunan müstəqil politoloq Ərəstun Oruclu artıq seçki qərargahını da yaratmışdı. Ehtimal edilir ki, partiyası, təşkilati strukturları  olmayan Ə.Mehdiyev kimi siyasətçilər İP-in saxlanılmasında maraqlı olsunlar. Onların təşəbbüs ciddi olsa, bu istəyə Pənah Hüseyn, Arif Hacılı da dəstək verə bilər.

İstənilən halda İctimai Palatanın tarixə çevrildiyi artıq faktdır. Daha bir müxalifət bloku, siyasi ittifaqı öz missiyasını başa vurmadan, hədəfinə çatmadan fəaliyyətini dayandırmaq üzrədir. İndi narazı elektoratın ümidi Milli Şurayadır. Tərkib demək olar ki, eyni olduğundan yeni qurum haqqında da nikbin danışılmır. Şuranın İP-in taleyinin yaşayıb-yaşamayacağını yaxın aylarda baş verəcək siyasi hadisələr  göstərəcək.

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00