Birlik, dirilik olacaqmı?

Milli Şuranın bu tərkibi müvəqqətidir

Müsavatın ənənəvi taktikası-son sözü biz deyirik

Nəyayət, müxalifət kinodramaturq Rüstəm İbrahimbəyovun ideyası ilə yaradılan Milli Şuranı elan etdi. Hərçənd qurumu Novxanı kəndində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin heykəli önündə keçirilən ənənəvi aksiyada elan olunacağı ilə bağlı proqnozlar doğrulmadı. Partiyalar razılığa gələ bilmədi və şura elan olunmadı. Aksiyadan sonra keçirilən toplantıda qurum elan olunub. Şuranın elan olunması xəbəri gecə saatlarında gəldi. AXCP funksionerlərindən biri xəbər yaydı, sonra Müsavat başqanı İsa Qəmbər açıqlama verdi. Şura elan olunana qədər partiyalar arasında ciddi narazılıq yaşanıb. Sosial şəbəkələrdə müsavatçılarla cəbhəçilər arasında əsil qırğın getdi. AXCP fəalları Müsavatı, İsa Qəmbəri, Arif Hacılını xəyanətdə, "iqtidarın əlinə oynamaqda" suçlandırdılar.  Məlum oldu ki, Milli Şuranın elan olunmasını həqiqətən də Müsavat ləngidirmiş. Müsavat tələb qoyubmuş ki, qurumun məramnaməsində "Avroatlantik məkana inteqrasiya" şərti əks olunsun. AXCP və digər partiyalar bunu xəyanət kimi dəyərləndiriblər.  Gecə saatlarında İsa Qəmbər razılığa gəlib və qurum elan olunub. Görünür, son illər "Rusiya meylli siyasət yeritməkdə" ittiham olunan Müsavat imicini qorumaq üçün bu cür tələb qoyub. Müsavatın bir məqsədi də "son qərarı verən partiya" imicini qazanmaq idi. Buna da nail oldular. Faktiki olaraq Milli Şura Müsavat razılıq verəndən sonra elan edildi. Amma çox da dərinə getməyiblər ki, müxalifətin dışında qalmasınlar. Müsavat bir az da inad etsəydi, AXCP fəalları və radikal gənclər İsa Qəmbəri "vətən xaini" çıxaracaqdı.

Müvəqqəti tərkib

Milli Şuranın tərkibi də maraqlıdır. Öncə orda olmayacağı proqnozlaşdırılan adamlar Şuranın işində iştirak edirlər. Xəbər verilir ki, Şura Rəsulzadənin abidəsi önündə bayram tədbiri bitdikdən sonra demokratik qüvvələrin təmsilçiləri - ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli),  KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşündə elan olunub. Müzakirələrə telefon və skaypla  Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıblar. Geniş və konstruktiv məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.  Göründüyü kimi qurum tək Müsavat, El hərəkatı və AXCP-dən ibarət deyil. Burada ALP, ACP və KXCP də var. Rəsul Quliyevin quruma qoşulması sürpriz sayıla bilər. KXCP, ALP görünür, müxalifətin dışında qalmamaq üçün bu qərarı veriblər. Çünki bundan öncə KXCP lideri Mirmahmud Mirəlioğlu təxminən belə bir söz demişdi: "Hamı birləşən qurumdan kənarda qalmaq olmaz". Amma sədr səviyyəsində təmsil olunmayan KXCP-nin Şurada uzun müddət qalacağı real deyil. Fanatik hərəkatçıların partiyası Eldəniz Quliyev, Eldar Namazov və Rüstəm İbrahimbəyovla bir qurumda qala bilməz. Toplantıya qatılmamaqla Mirmahmud ağa Şuraya önəm vermədiyini ortaya qoydu.  KXCP-nin şurada təmsilçiliyi müvəqqətidir. İlk fikir ayrılığında KXCP qurumu tərk edəcək. Şurada müvəqqəti üzv tək KXCP deyil. ACP də şurada müvəqqətdir. Partiya sədri Sülhəddin Əkbər  dəfələrlə Qərbyönümlü bəyanatlar verib, sağ müxalifəti Rusiyameylli siyasətdə ittiham edib. Bu üzdən Rəsul Quliyev istəsə belə, S.Əkbər "Rusiyameylli" hesab etdiyi şurada uzun müddət qalmayacaq. Liberal partiyaya gəlincə, Lalə Şövkətin partiyası təsisçi olmadığı üçün Şurada könülsüz iştirak edəcək. Beləliklə, müxalifət Milli Şura eyforiyasında olsa da, bu, uzun davam etməyəcək. AXCP-Müsavat çəkişməsi qurumun fəaliyyətinə mənfi təsir edəcək və Şura effektli güc mərkəzinə çevrilə bilməyəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00