“Rüstəm İbrahimbəyovun günahı olmasaydı, bu gün Azərbaycanda olardı” - AÇIQLAMA

Elşən Musayev: “Rəsul Quliyev Amerikada oturub “skayp”la onlara mesaj göndərir, Rüstəm İbrahimbəyov vergi cinayətlərindən dolayı müxalifətin toplantılarına sosial şəbəkələr vasitəsilə qatılır”

Mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra müxalifət təmsilçiləri - ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli),  KXCP (Bəybala Əbil), "EL" (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü baş tutub. Axşam saat 22:00-a qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub. Müzakirələrə telefon və skaypla  Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıb. Geniş və konstruktiv məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb. Bununla 28 may Respublika günündə Demokratik Qüvvələrin Milli Şurasının yaradılması barədə qərar qəbul edilib. Ən yaxın günlərdə Milli Şuranın ilk toplantısı keçiriləcək, Milli Şuranın bəyannaməsi və tərkibi ictimaiyyətə təqdim ediləcək. Milli Şura ilə bağlı gözləntilərin nəticə vermədiyini deyən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, qurum yaradılsaydı, onun tərkibini ictimaiyyətə çoxdan açıqlayardılar: "Bir tərəfdən də AXCP tərəfindən iddia irəli sürülür ki, Milli Şuranın yaranmasına İsa Qəmbər mane olur, Müsavat da əksinə Xalq Cəbhəsinə qarşı ittihamlar səsləndirir. Qurum yaranmamış onu yaradanlar öz şəxsi ambisiyalarını ortaya qoyublar. Müxalifət mətbuatı Milli Şuranın tərkibi barədə deyir ki, qurumda AXCP, Müsavat, ALP, ACP və KXCP iştirak edəcək. Konkret bu fakt onu göstərdi ki, bu birlik də digərləri kimi müxalifətin köhnə simalarından təşkil olunub. Müxalifət birlik daxilində kəmiyyəti dəyişməklə heç nəyə nail ola bilməyəcək. Milli Şura ideyasının daşıyıcıları arasında çox ciddi konfliktlər var. Şura ideologiyasının baniləri ictimai qınaqdan çəkinmək üçün müxalifətin digər narazı partiyalarına da təklif göndərdilər. Bu isə sadəcə olaraq gözdən pərdə asmaq xarakterinə sahibdir. Milli Şura yarana bilməyəcək. Yaransa belə, qurum fiaskoya məhkumdur. Çünki, cəmiyyət müxalifətdən daha ciddi tərkib gözləyirdi, bu gün isə qurumda həmin tərkib yoxdur. Digər tərəfdən Milli Şurada təşkilatçılıq işi də aşağı səviyyədədir. Rəsul Quliyev Amerikada oturub "skayp"la onlara mesaj göndərir, Rüstəm İbrahimbəyov vergi cinayətlərindən dolayı müxalifətin toplantılarına sosial şəbəkələr vasitəsilə qatılır. Azərbaycana gələ bilməyən adam hansı qurumdan, güclü birlikdən danışa bilər?! Əgər R.İbrahimbəyovun günahı yoxdursa, buyurub Azərbaycana gəlsin. Onlar ölkəyə gəlməmələrini işlərinin çox olması ilə izah edirlər. Quliyev və İbrahimbəyov Milli Şuranı əsas işləri sayırlarsa gəlib ona liderlik etməlidirlər. Amma ortada olan günahları buna imkan vermir. Bu kontekstdə Milli Şuranın Ziyalılar Forumundan heç bir fərqi olmayacaq. Yüz belə Milli Şuralar yaransa, onlar Azərbaycan siyasətində heç bir dəyişikliyə nail ola bilməyəcəklər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00