Dağılmağa məhkum müxalifət birliyi

"Ayrı-ayrı partiyaların daxilində Milli Şura məsələsi ilə bağlı ciddi fikir ayrılığı var"

Bu sözləri Milli.Az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Müsavat daxilində bir qrup insan hesab edir ki, Milli Şuraya cəlb edilən insanların bir qismi rusiya- və iranpərəst qüvvələrdir və onlar tərəfindən himayə olunurlar. "Bu baxımdan ayrı-ayrı siyasi partiyalar daxilində etirazlar var. Daha bir etiraz forması İctimai Palatada təmsil olunan və Milli Şuraya təqdim olunmayan şəxslərdir. Onlar hesab edirlər ki, İctimai Palatanın formatını dəyişib başqa bir struktur yaratmağa ehtiyac yoxdur. Çünki burada təşəbbüskar tərəf faktiki olaraq Rüstəm İbrahimbəyov və Eldar Namazovdur. Həmin şəxslər də İctimai Palatada Rusiya və İran tərəfindən siyasi meydana atılan şəxslər hesab olunurlar. Milli Şura o adamlar tərəfindən yaradılırsa və bu insanlar da həmin qrupa daxil olurlarsa, bu, o anlama gəlir ki, İsa Qəmbər və digərləri cinahı dəyişərək faktiki olaraq Rusiyanın himayəsində olan bir qrup çərçivəsində fəaliyyət göstərəcəklər. Başqa bir qrupun təşəbbüsü ilə hərəkət edəcəklər. Bu, həm qısqanclıq, həm də ziddiyyət yaradır". Elçin Mirzəbəyli Milli Şura adlı qurumun vaxtilə Azərbaycanın müstəqilliyini elan edən, Rusiya işğalına qarşı çıxan insanlar tərəfindən yaradıldığını xatırladıb və əlavə edib ki, indi isə rusiyapərəst qüvvələrin Milli Şura elan etmək istəyi paradoksdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00