Siyasi ölü, 4 illik havasızlıq, yatan kütlə və bic hakimiyyət
Ermənistanda siyasi mühit indi qurumaqda olan çay kənarındakı bozaran, kiçilən, seyrəkləşən kolluğu xatırladır
29 May 2013 13:06 SiyasətQədim yunanlar siyasəti və zamanı gur çaya bənzədir, Leta adlandırırdılar. İnsan çayın eyni suyuna iki dəfə girə bilmədiyi kimi, həyatının bir anını da iki dəfə yaşaya bilməzdi. Siyasətdə baş vermiş hadisəni olduğu kimi təkrarlamaq mümkün deyil. Oxşarı ola bilər, amma özü mümkün deyil. Oxşar isə həmişə əsldən pis olur. Fransızların burjua inqilabı dövründə dedikləri "siyasətimiz çay kənarındakı meşəlikdir: sıx və anlaşılmaz" sözləri də unudulmayıb. Ermənistanda zaman səngiyib, iç siyasət öləziyib. Siyasət bu çayın kənarındakı meşəlik yox, ən yaxşı halda kolluq sayıla bilər. Seyrək, əyri budaqlı kolluqdan ibarət dar və kiçik bir məkan. Müxalifətdəki qüvvələr əvvəlcə parlament, sonra prezident, axırda da Yerevan bələdiyyəsi və meriyasına keçirilən seçkilərdə tam fiaskoya uğrayaraq məğlub olandan sonra - necə, önəmli deyil - yenidən mübarizəyə hazırlaşdıqlarını bəyan edirlər. Məsələn, uzun illər hakimiyyət koalisiyasında olan, indisə müxalifətə çəkildiyini fasiləsiz vurğulayan Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun funksioneri Armen Rustamyan deyib: "Hakimiyyətdə olmayan qüvvələr birləşsələr, hakimiyyət siyasi meyitə çevriləcək".
Ola bilər, çünki Lesoto və ya Zimbabve, Burundi və ya Svazilenddə iqtidarda təmsil olunmayan, hakimiyyətə qarşı mübarizə aparan qüvvələr birləşərsə, onlar narazı olduqları və müqavimət göstərdikləri rejimi asanlıqla devirə bilirlər. Siyasətin təməl qanunlarından, oyun qaydalarından, səbəb və hətta nəticələrindən biri budur.
Lakin Ermənistanda müxalifət bir araya gələrək Serj Sarqsyan iqtidarına qarşı necə, hansı metodlarla mübarizə aparacaq və ən mühümü - xaotik fəaliyyətdə olan, sürəkli boğuşma və didişməni siyasi aktivlik sayan, merkantil və korporativ maraqları hər şeydən üstün tutan insanların idarə etdikləri partiya, hərəkat, birləşmə və ilaxırlar mənafelərini müvəqqəti unudaraq ümumi maraq üçün vahid cəbhə formalaşdıra biləcəklər? Çətin.
İnanılası olduqca müşkül ehtimaldır.
Sarqsyan rejiminin siyasi leşə döndərilməməsi üçün müxalifət ən azından sağlam orqanizm olmalıdır.
Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi, Raffi Hovannisyanın sədrlik etdiyi İrs və oliqarx Qagik Sarukyanın idarəsindəki "Çiçəklənən Ermənistan" partiyalarının birləşərək bütövləşən gücə dönmələri irrasional təfəkkürün xəyalıdır.
İş ondadır ki, Yerevanda iqtidarda olmayan siyasi qüvvələr ziddiyyətli hərəkətləri, sözləri ilə işlərinin uyğun gəlməməsi, illərdən bəri yalan vədlər və puç şüarlara tapınması, verilən vədləri yerinə yetirməməsi və boşboğazlığı ilə siyasi ölüyə çevrilib.
Məsələn, elə həmin Daşnaksutyun illərdən bəri özünü müxalifət kimi təqdim edirdisə, parlament seçkilərindən sonra Serj Sarqsyan iqtidarı ilə sövdələşərək vəd edilmiş paydan dəfələrlə az "ödül" almasına rəğmən susdu. Belə partiya təbii ki, siyasi leş sayılmalıdır: axı siyasi iddialar və tələblərlə çıxış etməzdən əvvəl daşnaklar, onsuz da, çirkin, ləkəli, idbar simalarının radikal dəyişikliklərinə, ermənilərin nəzərində reabilitasiyaya çalışmalıdır.
Belə olmasa, daşnakların demokratiya, inkişaf, insan haqları və tərəqqidən danışmaları ən azı gülünc təsir bağışlayır. Daşnaklar həm də şovinizm, maniakal millətçilik və qərinələrdən bəri ermənilərə yalnız bəlalar verən "Böyük Ermənistan" idefiksindən əl çəkməli, habelə Dağlıq Qarabağ və ətraf rayonların "erməni torpaqları olması" barədə paranoidal sayıqlamalara son qoymalıdır. Belə olmazsa, daşnakların siyasi ayılışı, normal qüvvə kimi fəaliyyətləri, hakimiyyət uğrunda mübarizədəki əxlaqsız saxtakarlıqdan başqa heç nə olan deyil. Erməni müxalifətçilərinin digər qurumları barədə də eyni sözləri yazmaq olar.
Fantasmaqorik vəziyyət yaşanır: müxalifətdəki partiyalar siyasi leşlər, onların guya mübarizə apardıqları hakimiyyət çoxdan can vermiş orqanizm... Amma iqtidar çoxdanın siyasi ölüsü olsa da, mövcudluğunu davam etdirir və idarəetmə rıçaqlarına nəzarəti əldən vermir. Sarqsyan rejiminin siyasi leş olmasını onun illərdən bəri mahiyyət etibarilə apolitikliyi, dövlət və cəmiyyətin maraqlarını qətiyyən əks etdirməməsidir. milli.az
Müxalifətçilər bir kənara - ermənilərin qarşısında duran əsas məsələ bu siyasi leşi, qoxuyan və kəsif iyli ölünü idarəetmə rıçaqlarından kənarlaşdırmaqdır. Əks təqdirdə ölkədə gerçək rifah, real təhlükəsizlik, normal inkişaf olmayacaq.
Leşi hakimiyyətdən kənarlaşdırmaq üçün iqtidardan kənarda, rejimdə rəsmən yer almamış qüvvələrin canlı, nəyəsə qadir strukturlar olması gərəkdir.
Ermənistanın və ermənilərin əsas problemi də budur.
Yəni hakimiyyətlə müqayisədə diri, canlı qüvvələrin varlığı, onların arasında səmimi, ədalətli və vicdanlı əməkdaşlıq, cəmiyyətlə qarşılıqlı təmaslar gərəkdir.
Antikonstitusion rejimin hakimiyyətdən kənarlaşdırılıması, Konstitusiya qaydaları ilə bağlı razılaşmanın əldə edilməsi kimi sadə və aydın məqsəd üçün birləşmək, səyləri təmərküzləşdirmək də elə bəhs etdiyimiz səbəbə görə alınmır.
Doğrudur, Ermənistandakı müxalifət qüvvələri indiyədək dəfələrlə birləşmək niyyətində olduqlarını bildiriblər və hansısa ittifaqlar, koalisiyalar da yaranıb. Amma hər belə "birlik" ölü doğulurdu və onun siyasi leş olması fiziki baxımdan az sonra bəlli olurdu. Di gəl, birlik adı ilə təqdim edilən koalisiyanın ölü olduğu anlaşılana qədər o, ermənilərin ictimai həyatı və sosial perspektivlərinə dağıdıcı zərbə vururdu.
Sarqsyanın rejimi də özünü məhz belə siyasi dinozavrların sayəsində balzamlaşdırır, gücləndirir və dağılmaqdan qoruyur.
Ancaq erməni müxalifətçiləri indi nə etsələr, artıq gecdir. Çünki Ermənistanda növbəti elektoral mərhələ başa çatıb. Yaxın 4 ildə, 2017-ci ilədək Yerevanda seçkilər nəzərdə tutulmayıb. Söhbət de-fakto və ya de-yure Ermənistan üçün ümumdövlət əhəmiyyəti kəsb edən seçkilərdən gedir.
Yəni Ermənistanın daxili siyasi həyatında böyük havasızlıq, vakkum yaranacaq ki, bunu da siyasi gündəmdə doldurmaq mümkün deyil.
Parlament, prezident və bələdiyyə seçkilərindəki saxtakarlıqlarla bağlı cəmiyyətdəki narazılıqlar, müxalifətçilərin aksiyalarının da bundan sonra passivləşməsi və tədricən yoxa çıxması dövrü başlanıb. 2008-ci ildəki prezident seçkilərindən sonra Yerevanda yaşanan gülləbaranın yaratdığı etiraz aksiyaları az sonra zəifləyib öləzidisə, indiki aksiyalar daha tez sakitləşəcək.
Serj Sarqsyan hakimiyyətinin saysız-hesabsız qanunsuzluqları, özbaşınalıqları, harınlığı və küçə xuliqanlarını xatırladan iqtidar funksionerləri ilə kriminal ilikli deputatların da biabırçılıqları ictimai şüura dağıdıcı təsir edir. Belə elektoral xəndəkdən çıxmaq üçün ictimai-siyasi qüvvələr mütləq şəkildə mövcud durumu təhlil etməli, vətəndaşlar arasında, müxtəlif ictimai dairələrdə böyük iş aparmalıdır. Eyni zamanda müxalifət fəaliyyət stilini, yönünü, metod və metodoligiyasını da dəyişməlidir.
Daha konkret olsaq, siyasi gündəm, problemlərin həlli yollarının müzakirəsi, məsələlərin qoyuluşu və məqsədlərə baxış bucaqları dəyişməlidir.
Fəqət, Ermənistandakı siyasi arena bu məsələlərin həllinə hazır deyil. Problemlər o qədər çox, onların durumu o qədər ağrılıdır ki, ötən illərdəki bərbad fəaliyyəti və son elektoral mərhələnin biabırçı sonluğu hansısa nikbin təxminlə çıxış etməyə imkan vermir.
Ermənistanın müxalifət seqmentində ciddi dəyişikliklər və yerdəyişmələr olmazsa, yeni keyfiyyətlər aşkarlanmazsa, fərqli qüvvələr ön plana çıxmazsa, hər şey olduğu kimi qalacaq və 4 il sonra ermənilər yenidən uğursuzluğa düçar olaraq ölkənin müstəqilliyini "hami" dövlətlərə sata, yalnız özlərini düşünən yalançı, quldur, ləyaqətsiz yığnağın iqtidarı ilə qarşılaşacaqlar.
Daha sonra yeni elektoral mərhələ başlanacaq və müxalifətçilər indiki kimi öləzimiş halda fəaliyyətlərinə davam etsələr, Ermənistandakı dövlət sistemi və idarəetmə strukturunu bundan sonra da Rusiya müəyyənləşdirməyə davam edəcək.
Çıxış yolları çoxdur. Məsələn, ermənilər gec də olsa, dərk etməlidirlər ki, seçki saxtakarlıqlarına qarşı etiraz aksiyalarında daha çox vay-şivən və ya ümidsiz pərişanlığa bənzəyən emosional fon sözün siyasi və vətəndaş anlamı mənasında etirazlara dönməlidir. Belədə cəmiyyət də udar. Səhvləri nəzərdən keçirmək, nəticələr çıxarmaq və yeni dövrə hazırlaşmaq lazımdır.
Problem siyasi və ictimai materialla effektiv iş mexanimzlərindədir ki, onlar siyasi müstəvidə hazırlanmalıdır. Həmin sahədə effektiv işçilər yoxdur və ya çox işlək yaltaqlığa tabe ediliblər. Belədə vətəndaşlar özləri həmin materialın dəyişikliklər özülünə transformasıyasını təmin etməlidir.
Eynən baron Münhauzen təki saçlarından tutub özlərini bataqlıqdan çıxarmalıdır ermənilər.
Bacaracaqlarmı?