Azərbaycan Afrika Zirvə toplantısında iştirak edib
27 May 2013 18:21 SiyasətAzərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, mayın 25-də Afrika İttifaqı yanında müşahidəçi statusu olan Azərbaycan Respublikası dost və tərəfdaş dövlət kimi Afrika İttifaqının yaranmasının 50 illiyi ilə əlaqədar Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika Zirvə toplantısında iştirak edib. Olaylar İA bildirir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi Nümayəndəsi Şahin Abdullayev təmsil edib. "Pan-Afrikanizm və Afrikanın intibahı" mövzusunda keçirilmiş Zirvə toplantısında Afrikanın gələcək inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycan Respublikası 2011-ci ilin yanvar ayından etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu alıb.
BMT TŞ-nin qeyri-daimi üzvü kimi Azərbaycan Respublikası BMT TŞ-də Afrika ilə əlaqədar aparılmış müzakirələrdə fəal iştirak edib. Həmçinin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən bır sıra Afrika ölkələrində humanitar layihələr həyata keçirilib.