“Müxalifət hər şeydən əvvəl səmimi birlik yaratmağı bacarmalıdır” - FİKİR
Natiq Cəfərli: “Müxalifət Milli Şura daxilində də vahid namizəd problemini həll etməlidir, əks təqdirdə bu birlik seçkilərə getsə belə lazım olan nəticələri əldə edə bilməyəcək”
27 May 2013 16:16 Siyasət"Milli Şura üçün Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər öz aralarında prezidentliyə vahid namizəd razılaşdırdığı gün, "REAL" özünün Milli Şura haqqında qərarına yenidən baxacaq və çox güman ona daxil olmaq qərarını verəcək!" "REAL" Hərəkatının sədri İlqar Məmmədovun adından sosial şəbəkələrdə yayılan statuslarda belə deyilir. Bu barədə hərəkat tərəfindən dəfələrlə ölkə mətbuatına bəyanatların verildiyini deyən "REAL"ın İcra katibi Natiq Cəfərli bildirdi ki, Milli Şura vahid namizəd, ümumi platforma, işlək komanda yaradacaqsa, hərəkat Şuraya tam dəstək verəcək: "Milli Şuranın əsas məqsədi vahid namizəd məsələsini həll etmək olmalıdır. Əgər bu problem həllini tapmazsa o zaman Milli Şuraya qoşulmağın heç bir mənası yoxdur. "REAL"-ın öz siyasi, ideoloji xətti var, namizədi, platforması, proqramı və komandası var. Müxalifət Milli Şura daxilində də vahid namizəd problemini həll etməlidir, əks təqdirdə bu birlik seçkilərə getsə belə lazım olan nəticələri əldə edə bilməyəcək. Müxalifət hər şeydən qabaq səmimi birlik yaratmağı bacarmalıdır. Bizim üçün Milli Şurada vahid namizədin kim olması o qədər də əhəmiyyətli deyil. Əsas odur ki, Şura səmimi keyfiyyətlər əsasında təsis olunsun". ("OLAYLAR" İA)