“Qarabağda Azərbaycan ordusuna qarşı vuruşan ermənilər olmayıb” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Rusiyanın Cənubi Qafqazda yeganə nökəri və Türkiyənin regiondakı nüfuz dairəsini kiçiltmək üçün istifadə etdiyi Ermənistan heç vaxt rəsmi Moskvanın əleyhinə getməz”
27 May 2013 16:11 SiyasətRusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına mane olmaq üçün onu şantaj edir. Qaz Moskvanın təzyiq göstərmək üçün istifadə etdiyi siyasi alətdir. Qazın qiymətinin artırılması Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması prosesini ləngitmək məqsədi güdür. Qəribədir ki, Rusiya onun Ermənistan ərazisində dislokasiya edilmiş hərbi bazası üçün icarə haqqı ödəmir. Həmin hərbi bazanın xərclərinin çox hissəsini İrəvan öz üzərinə götürüb. Miqrasiyanın sürətlə artdığı, doğum göstəricisinin aşağı səviyyədə olduğu indiki acınacaqlı demoqrafik vəziyyət davam edərsə, tezliklə Ermənistanda Rusiya silahından istifadə etmək üçün kifayət qədər əsgər olmayacaq". Erməni ekspert Sarkis Atspanyan belə deyib. Politoloq Cümşüd Nuriyev hesab edir ki, Atspanyanın dediklərində müəyyən qədər həqiqət var. Politoloq fikrini belə izah etdi ki, çünki, Ermənistanda vəziyyət həddindən artıq ağırdır. Həm ölkə daxilindən xaricə əhalinin köçü başlayıb, həm də Ermənistan ordusunda özbaşınalıqların sayı durmadan artır. Eyni zamanda Qarabağda yerli ermənilərlə gəlmələr arasında çox ciddi qarşıdurmalar var. Yerli ermənilər bir qədər avropalaşıblar, onlar ailədə iki uşaqdan artığını istəmirlər. C.Nuriyev qeyd etdi ki, Atspanyanın açıq şəkildə mətbuat konfranası keçirib bu cür məlumatları yaymasının arxasında siyasi oyun var: "Birdən birə erməni ekspertlərin Rusiyaya hücumu şübhəli məqamları ortaya çıxarır. Çünki, Ermənistan Rusiya ilə 2044-cü ilə qədər rus hərbi bazalarının bu ölkədə qalmasına görə razılığa gəlib. Rusiyanın Cənubi Qafqazda yeganə nökəri və Türkiyənin regiondakı nüfuz dairəsini kiçiltmək üçün istifadə etdiyi Ermənistan heç vaxt rəsmi Moskvanın əleyhinə getməz. Atspanyan "bir azdan Ermənistanda əlinə silah götürən erməni qalmayacaq" deməklə Azərbaycanı təxribata çəkmək istəyir. Rusiya və Ermənistan çalışır ki, münaqişənin həlli istiqamətində Azərbaycan müharibə variantına əl atsın. Çünki, Rusiyanın Azərbaycana müdaxilə etməsi mümkünsüzdür. Amma eyni zamanda Kreml Azərbaycanı Rusiyanın nüfuz dairəsinə salmaq niyyətindədir. Ona görə də tez-tez Ermənistan bu cür provakasiyalardan istifadə edəcək. Bu həmçinin Azərbaycan müxalifəti üçün "siyasi yem"dir, müxalifətin bunu yeməsi inandırıcıdır. Müxalifət bununla iqtidara hücum etmək üçün xalqı Atspanyanın dediklərinə inandırmağa çalışması da mümkündür. Bu Rusiya siyasi texnoloqlarının hazırladığı gözəl bir təxribatdır. Amma Azərbaycan Rusiyanın bu provakasiyasına getməməlidir. Çünki Azərbaycan bilir ki, Qarabağda onu Ermənistan yox, Rusiya məğlub edib. Növbəti müharibədə isə Azərbaycan qalan 80% ərazisini itirə bilər. Atspanyanın dediklərinə sevinmək lazım deyil. Biz bir şeyi xatırlamalıyıq ki, I Qarabağ müharibəsində Azərbaycana qarşı ermənilər vuruşmayıblar. Azərbaycan ordusuna qarşı vuruşan ASALA-nı əsasən hansı millətin nümayəndələri təşkil etdiyini bilirik. Həmçinin "Daşnaksütyun", "Qnçak", "Dro", "Erməni Milli Gənclər Təşkilatı", "Erməni Avropa Təşkilatı"nda ermənilərdən çox orada başqa millətin nümayəndələri var. Qarabağda Azərbaycana qarşı vuruşanların arasında ermənilərdən çox ərəb (müsəlman və xristian), kürd (əsasən yezidi və xristian), Ukrayna, Latviya, Litva və Rusiyadan tutlmuş muzdlu hərbçilər olub. İndiki məqamda da Azərbaycan çoxmillətli böyük beynəlxalq terror qruplaşması ilə üz-üzə dayanıb. Ermənistan da məhz həmin qüvvələr tərəfindən idarə olunur. Ermənistan dövlət deyil, oyuncaq qurumdur, "sayqon rejimi" kimi bir strukturdur. Ona görə Azərbaycan erməni ekspertlərin dilindən tez-tez Rusiya əleyhinə işlədilən fikirlərdən ehtiyatlı olmalıdır və təxribata getməməlidir". ("OLAYLAR" İA)