Yaşıl qitədə Respublika Günü qeyd edilib

Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, Azərbaycan- Avstraliya - Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan və türk diasporunun nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb. Tədbirdə Azərbaycanın tarixi və 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib. Cəmiyyətin prezidenti İmamətdin Qasımov qeyd edib ki, Azərbaycan qadınlara kişilərlə bərabər siyasi hüquqlar verməklə nəinki Şərqdə ilk olmuş, hətta bu sahədə ABŞ , Britaniya, Fransa  kimi ölkələri qabaqlayaraq qərb ölkələri arasında da birincilər sırasına adını yazdırıb. Sonda tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli mətbəxindən nümunələr təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00