YAP Gənclər Birliyinin layihəsi davam edir
27 May 2013 15:32 SiyasətYeni Azərbaycan Partiyası Gənclər Birliyinin və "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin birgə reallaşdırdıqları layihə çərçivəsində "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda növbəti seminar keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə ölkənin 27 regionundan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən gənclər iştirak ediblər. Seminarda çıxış edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti gənclərə həmişə böyük qayğı və diqqət göstərir. Onların təhsil almaları, işləmələri və layiqli vətəndaş kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Azərbaycanda layiqli gəncliyin formalaşdığını deyən Əli Əhmədov diqqətə çatdırıb ki, gənclərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsi cəmiyyətimizin ictimai-siyasi həyatında onların rolunun güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın dövlət siyasətində gənclərə böyük önəm verildiyini deyən Əli Əhmədov qeyd edib ki, dövlətimiz gənclərlə bağlı bütün layihələri layiqincə yerinə yetirir, onların ölkəmizin ictimai-siyasi həyatında iştirakı istiqamətində bir sıra tədbirlər həyata keçirir.