Milli Şura, Roma qayası və quma atılmış 30 gümüş...
27 May 2013 15:28 Siyasət"Bizim müxalifətçilərə məsləhət görərdim ki, hakimiyyətə gələndən dərhal sonra köhnə nitq və çıxışları yazılmış kağızları yandırsınlar" (Uinston Çörçill)
Qədim Roma İmperiyasında həmişə üzdə olmağa çalışan siyasətçilərdən biri Kvint Sessiliy Metell idi. O, ortabab siyasətçi, cəsarəti ilə seçilməyən insan idi. Lakin həddən ziyadə hiyləgərdi və maraqlarını da təmin etmək, istəyinə çatmaq üçün bütün vasitələrə əl atmağa hazır insandı. Əslində, Kvint həmişə belə vasitələrdən yararlanırdı və onu mənəviyyatsızlıqda, dünənədək təzim edərək bütün əmrlərini yerinə yetirdiyi insanlara xəyanətdə suçlayan insanlara "bacarıqsızlar" deyirdi.
Eramızdan əvvəl 168-ci ildə, 3-cü Makedoniya savaşında Kvint Sessiliy Metell məşhur sərkərdə, romalıların "dahi" adlandırdıqları Lusi Emiliy Pavelin köməkçilərindən biri idi. Roma legionları Makedoniyanı fəth etdilər və Kvint də "sonsuzadək sədaqətli olacağam" deyərək and içdiyi Pavelə xəyanət etdi. Konsul oldu, özünü "Makedoniyanın fatehi" kimi tanıtmağa çalışdı. Fəqət, bir qədər sonra hakimiyyətdən kənarlaşdırıldı və senzor oldu. Romalıların nifrət etdikləri Metelli günlərin birində xalq tribunu Qay Atini Labeon qayadan atmaq istəmişdi. Buna yaşlılar mane olmuş, "qoy yaşasın və xəyanətlərinə görə hər an əzab çəksin" demişdilər.
Və həmin gün gənc tribunlardan biri Metelldən "İndi məramınız nədir?" soruşanda hiyləgər siyasətçi cavab vermişdi: "Əgər məramlarından əynimdəki köynəyim belə xəbər tutsa, onu dərhal çıxarıb ocağa ataram". ...Azərbaycan müxalifətində illərdən bəri davam edən və təkrarlanan, amma başa çatmayan proseslərdən biri də "Birləşmək, vahid cəbhə yaratmaq və səyləri təmərküzləşdirmək" ideyasının gerçəkləşdirilməsi cəhdləridir.
Hər dəfə bu ideyanın müxtəlif görüntülü, amma eyni məzmunlu variantları səslənir, müxalifətdəki bir neçə partiya, hərəkat və birlik rəhbərləri toplanır, uzun-uzadı müzakirələr aparılır və sonucda gurultulu adlı yeni təşkilatın qurulduğu bəyan edilir.
Hətta təşkilatın işə başlayacağı gün də açıqlanır. O gün gəlir, təşəbbüskarlar yenə yığışır, lakonikliyi ilə əsla fərqlənməyən çıxışlar edilir, mətləbdən uzaq nitqlər irad edilir və...
Və həmişəki kimi, heç nə alınmır.
Səbəblər çoxdur, amma onların hamısını bir məcrada birləşdirmək olar: Azərbaycan müxalifətinin birləşməsi cəhdləri həmişə kənar təkandan, uzaqdan gələn göstərişdən sonra "qəfil" ideya təsiri bağışlayır.
Ssenarisi Bakıdan uzaqlarda hazırlanan birləşmə variantları ölkədəki gerçək situasiyanı, xüsusilə də müxalifətdəki vəziyyəti nəzərə almadığından nikbin bəyanatlar "müəyyən səbəblərdən" sürəkli olaraq sonrakı süstlüyün ərəfəsi olur.
İndi müxalifətdəki bəlli qüvvələrin gündəmə gətirdikləri Milli Şura ideyası da real təsir bağışlamır.
Hələ yalnız kağız üzərində olan qurumu yaratmağa çalışanlar ideyanın müstəqil düşüncə məhsulu olduğunu vurğulasalar da, məsləhətləşmələr üçün sürəkli Rusiyaya üz tuturlar.
"El" hərəkatının lideri Eldar Namazov da bu günlərdə Moskvada olub və kinodramaturq, indisə həvəskar siyasətçi Rüstəm İbrahimbəyovla müzakirələr aparıb.
Müzakirə və məsləhətləşmələrin gerçək məzmunu barədə, təbii ki, heç bir açıqlama verilməyib.
Əslində, belə açıqlamanı gözləmək də sadəlövhlükdür, çünki Milli Şura yaradaraq "bütün müxalifət qüvvələri ilə yanaşı, vətəndaşları da birləşdirəcəklərini" bəyan edənlərin özləri bir araya gələ bilmirlər.
Bundan başqa, Milli Şura ideyası, daha doğrusu, idefiksinin müəllifləri də bəlli. Həmin Şuranı yaratmağa çalışdıqlarını deyənlər istədikləri qədər danışa bilərlər, fəqət reallıq odur ki, Milli Şuranın arxasından Moskvada yaradılmış "Milyarderlər ittifaqı"ndakı şəxslərin simaları görünür. O adamların ki, Rusiya iqtidarındakı qruplaşmaların Azərbaycana sərt təzyiq mexanizmlərinin işə salınmasını istəyir, vətənlərini öz maraqlarına düşünmədən qurban verməyə hazır olduqlarını hamilərinə deyirlər.
Bəzi iddialara görə isə həmin hamilərin Azərbaycanda kütləvi iğtişaşlar yaradılması, yürüş və mitinqlərin keçirilməsi üçün heç də az olmayan maliyyə vəsaitini "yardım" qismində ayırdıqları vurğulanır. İddialar çox, yaradılacağı bəyan edilən qurum, yəni Milli Şura isə həddən ziyadə zəif ideyadır. Bunu elə müxalifətçilərin özləri də etiraf edirlər. Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Şuraya inanmır. Daha doğrusu, o, Milli Şuranı Rusiyanın layihəsi adlandırıb. "Bizim yol" qəzetinə verdiyi müsahibəsində deyib: "Müxalifətə alternativ təklif etmişəm. Rusiyanın təklif etdiyi variantı kənara qoyuruq, birləşirik və mən namizədliyimi vermirəm".
...Azərbaycanda küçə aksiyaları, yürüşlər, mitinqlər və piketlərin hazırlanması üçün kimlərsə kimlərəsə pul verə bilər.
Amma həmin pullar Yəhudanın qarşısına, quma atılmış 30 gümüş olmaya? milli.az