Şərqin birinci xalqı olduğumuzu sübut etdiyimiz gün - 28 MAY

Bu gün 28 maydır. Tariximizin ən əziz, ən qürurlu günlərindən biri. Azərbaycan tarixində qürur duyacağımız günlər o qədər də çox deyil. Türk milləti çox dövlətlər qurub. Amma onların içində bizə ən əziz və doğma olanı 1918-ci ilin mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətidir.  Bu sözün hər üçü doğmadır, sevimlidir. Ondan öncə millətimizin qurduğu dövlətlər də bizimdi. Amma cümhuriyyətin yeri bir başqadır. Bu dövlətin adında vətənimizin adı vardı, dövlətin xalqın idi və cümhuriyyət idi.

1828-ci ildə ikiyə bölünmüş Azərbaycan dövlətçilyini də itirmişdi. Heç nəyə ümid qalmamışdı. Tarixi ədalətsizliyə imza atıb bu xalqı ikiyə ayıran imperiyalar tarix boyu Dərbənddən Kəngər körfəzinə qədər böyük bir əraziyə hökm etmiş Azərbaycan xalqının bir daha özünə gəlib dövlət quracağını gözləmirdi. Bizi dirigözlü qəbrə qoyduqlarını zənn edirdilər. Amma Azərbaycan xalqının Rusiya və Avropada təhsil alıb qayıtmış sayı o qədər də çox olmayan işıqlı aydınları xalqın qan yaddaşını oyada, imperiyalar qurmuş böyük bir xalqın passinonar enerjisini hərəkətə gətirə bildilər. Böyük öndər Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoylu və silahdaşları yoxdan bir dövlət qurdular. Dövr ağır idi. Azərbaycan xalqının qurulu heç nəyi yox idi. Azərbaycan neft Bakısı və aqrar əyalətlərdən ibarət idi. Bakı mədəniyyət və təhsil ocaqlarının sayına görə, bir zamanlar Azərbaycanın bir əyaləti olmuş Tiflisdən belə geri qalırdı. Azərbaycan xalqının düşünən ziyalı kəsimi Qori seminariyasını bitirən və xaircdə təhsil almış azsaylı insanlardan ibarət idi. Rus imperiyasının məkrli siyasəti nəticəsində türkləri orduya da aparmırdılar. Rus ordusunda qulluq edib ali rütbə almış zadəganların sayı da az idi. Bəlkə də indiki "praqmatik" siyasətçilərimiz olsaydı, bu arsenalla yola çıxmaz, "bu qüvvə ilə dövlət qurmaq olmaz" deyib kənara çəkilərdilər. Amma  Məmməd Əmin və dostları böyük qəzaya "mərhəba" deyib yola çıxdılar.

***

Cümhuriyyətin qurulmasında Osmanlı imperiyasının böyük Turan sevdası ilə yaşayan paşalarının böyük xidmətini danmaq olmaz. Ənvər Paşanın mənəvi, qardaşı qəhrəman Nuru Paşanın hərbi yardımı olmasaydı, bəlkə də AXC qurulmaz, Bakı rus-erməni hərbi birləşmələrindən təmizlənməzdi. Azərbaycan xalqı cümhuriyyətin qurulması üçün canını fəda etmiş qəhrəman türk əsgərlərini daim sayğı ilə anacaq. Amma bir mühüm məsələni unutmaq olmaz. Azərbaycan xalqının istiqlal istəyi, rus imperiyasından qopmaq həvəsi olmasaydı, kənardan gəlmiş azsaylı qoşun hissələri dövlət qura bilməzdi! Cümhuriyyət ideyası bizə-Azərbaycan türklərinə məxsus idi! Cümhuriyyət qardaş türk ordusunun yardımı ilə quruldu. Amma Azərbaycan xalqında istiqlal ideyası ölməmişdi. Azərbaycan türkünün istiqlal ideyası-uğrunda Cavad xan kimi igidlərin şəhid olduğu ideya ölə də bilməzdi.

Cümhuriyyət və onun qısa zaman kəsiyində gördüyü işlər Azərbaycan xalqının dövlətçi, istiqlalçı, ədalətli, mədəni bir xalq olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan türkləri Şəqrdə ilk dəfə demokratik respublika qurdu. İlk dəfə qadınlara seçib-seçilmək azadlığı verdi. Ədalətli seçki keçirdi, demokratik parlament qurdu. Rus imperiyasının yaratdığı etnik problemi-erməni məsələsini həll etdi, Qarabağı düşməndən azad etdi. Cümhuriyyət qısa yaşadı, amma özündən çox söz etdirdi. AXC qurucuları az qüvvə ilə çox iş görməyin mümkünlüyünü, ən çətin dönəmdə belə xalqa güvənməyin müsbət sonuc verdiyini isbat etdilər.

AXC Azərbaycan türklərinin Şərqin ən mədəni, demokratik, ən dünyəvi xalqı olduğunu sübut etdi. Cümhuriyyət tarixi göstərdi ki, bu xalqı bir daha din və cəhalət, mövhumat və xurafat bataqlığına sürükləmək olmaz! Tarixin ən qaranlıq səhifələrində belə bu xalqın Prometey xislətli oğulları meydana çıxacaq və qaranlığı yarıb xalqı aydınlığa aparacaq. Yolumuz aydınlığadır!  İstiqlal bayramımız mübarək!

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00