Deputatlarımız Avronest PA-nın sessiyasına qatılacaqlar

Mayın 27-dən 29-dək Brüsseldə Avronest Parlament Assambleyasının III plenar sessiyası, Büro və daimi komitə iclasları keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iclaslarda Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti Elxan Süleymanovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Gülçöhrə Məmmədova, Azay Quliyev, Azər Kərimli, Fuad Muradov, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Fərəc Quliyev, Qənirə Paşayeva, Ceyhun Osmanlı və Qüdrət Həsənquliyev daxildir. Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi, İqtisadi, Enerji Təhlükəsizliyi və Sosial məsələlər daimi komitələrinin iclasları keçiriləcək, Şərq Tərəfdaşlığı ölkələrində həll edilməmiş münaqişələr, Regionda enerji təhlükəsizliyi, Sosial problemlərin həlli və iqtisadi mövzularda hazırlanmış məruzələr dinləniləcək. Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun iştirak edəcəyi Büro iclasında isə 2013-cü ilin noyabrında Şərq Tərəfdaşlığı üzrə Vilnüsdə keçiriləcək dövlət və hökumət başçılarının Sammitinə ünvanlanacaq sorğular müzakirə olunacaq. Parlament nümayəndə heyətinin səfəri mayın 30-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00