Jan-Klod Minyon: "2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər"
27 May 2013 11:08 Siyasət2013-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail oluna bilər. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon bildirib.Onun sözlərinə görə, buna səbəb Ermənistan və Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmələridir.Jan-Klod Minyon bildirib ki, 2013-cü il, bəlkə də, müstəsna ildir ki, hər iki dövlətin Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə münaqişənin həllinə şərait yaradılır:"Həmin komitəyə Ermənistan, Avstriya və Azərbaycan əlifba sırası ilə sədrlik edəcəklər və bu, ondan istifadə edib, münaqişənin həlli yollarının tapılması üçün tarixi bir şansdır".Minyonun sözlərinə görə, 2013-cü ildə Fransa və Almaniya arasında baş vermiş münaqişənin həllinə səbəb olan müqavilənin imzalanmasından 50 il ötür: "Fransa və Almaniya arasında 50 il qabaq olan barışıq bu gün Ermənistan və Azərbaycan arasında da baş verə bilər".Minyon qeyd edib ki, AŞ PA-da Dağlıq Qarabağla bağlı Alt Komitənin fəaliyyətini dayandırmasına baxmayaraq, Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə mütəmadi görüşlər keçirilir və münaqişənin həlli yolları müzakirə edilir: "Həmçinin mən Fransanın ATƏT-in Minsk qurupundakı nümayəndəsi ilə sıx əlaqə saxlayaraq münaqişənin tənzimlənməsi prosesi ilə tanış oluram".Qeyd edək ki, bu gün Jan-Klod Minyon Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.