Milli Şura müxalifətə parçallanma vəd edir - SİYASİ ANALİZ
Ənənəvi müxalifət partiyaları sıradan çıxa bilər
24 May 2013 14:58 SiyasətMüxalifətin kinodramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılan Milli Şuraya ümidi böyükdür. Hesab edilir ki, mayın 28-də elan ediləcək qurum narazı elektoratı hərəkətə gətirəcək, müxalifət daxilində ümidsizliyə son qoyacaq, siyasi proseslərdə canlanma yaradacaq. Milli Şuraya özəlliklə AXCP ciddi ümid bəsləyir. Partiya sədri Əli Kərimli bloq yazısında Milli Şuranı "xilaskar" kimi təqdim edib. Onun müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, müxalifətin yeganə çıxış yolu Milli Şurada birləşməkdir. Amma maraqlıdır ki, Müsavat Partiyasının yetkililəri o cür düşünmür. Müsavatı yönəldən qrup-İsa Qəmbər-Arif Hacılı-Pənah Hüseyn üçlüyü Milli Şuraya olduqca ümidsiz yanaşır, əsas diqqəti Müsavat Partiyası və ətrafındakı cırtdan partiyalar verirlər. Əslində Milli Şura Müsavat və AXCP kimi nisbətən güclü partiyaları El hərəkatı və Ziyalılar Forumu kimi sosial bazası olmayan qurumla eyni tutmaq, hər dörd tərəfin təmsilçiliyinə bərabər kvota ayırmaq doğru deyil. Bu, AXCP üçün də əlverişli deyil. Amma məsələ burasındadır ki, AXCP sədri Milli Şurada vahid namizəd ola biləcəyinə ümidlidir. O baxımdan da Xalq Cəbhəsi rəhbərliyi Milli Şuranın yaradılmasına razıdırlar. Müsavat partiya maraqlarını daim öndə tutmuş partiya olaraq Milli Şuranın yaradılmasına qarşıdır. İmkan olduqca Müsavat rəhbərliyi Milli Şuraya qarşı qara piar aparır, bu qurumu qaralamağa çalışır. Üçlük hər vəchlə çalışır ki, Milli Şuraya daha az adam, daha az partiya qoyulsun. Müsavatın bu günə qədərki fəalliyyəti Rüstəm İbrahimbəyovun fəaliyyətinə tərs mütənasib olub. İbrahimbəyov bütün qüvvələri birləşdirməyə çalışıb. Müsavat isə ADP, Ümid, ALP, ACP kimi partiyaları Milli Şuradan kənarda qoyub. Milli Şuranın nüvəsində İctimai Palatanın yaradan qüvvələr olacaq. Digər partiyalar kənarda qalıb. Bu durum Müsavatın işinə yarayır. Beləki istədiyi vaxt Müsavat Milli Şuranın tərk edib, MŞ-dan kənarda qalmış qurumlarla əməkdaşlıq edə biləcək.
İndilikdə Milli Şura yalnız AXCP-nin işinə yarayır. Eldar Namazov və El hərəkatı onsuz da proseslərdən uduşla çıxıb. Ciddi potensilaı, sosial bazası olmayan politoloq artıq Müsavat və AXCP kimi iri partiyaların sədrləri ilə yanaşı dayanır. Bunun üçün o Ziyalılar Forumuna və İbrahimbəyova borcludur. Bu baxımdan Namazov seçki ilə bağlı xaricdən gələcək maliyyə yardımlarına ortaq olmaq şərtilə İbrahimbəyova tabe olacaq. Eldar Namazov İbrahimbəyovun məsləhət bildiyi namizədi dəstəkləyəcək. Bu namizəd isə böyük ehtimalla, AXCP sədri Əli Kərimli olacaq.
AXCP-nin istəklə, Müsavatın könülsüz qoşulduğu Milli Şura müxalifətə hansı uğurları gətirə bilər? Gözlənilən fəallıq, canlanma olacaqmı? Milli Şuranın ehtimal edilən tərkibinə nəzər saldıqda, aydın görünür ki, bu tərkib bütün müxalifət spektrini əhatə etmir. Milli Şura natamam bir qurum olacaq. ACP, ALP, ADP, Ümid, AMİP kimi qurumlar MŞ-da olmayacaq. Bu nöqteyi-nəzərdən MŞ-a İP-in genişləndirilmiş forması kimi da baxmaq olar. Vahid namizəd məsələsində razılığa gəlinməsə, Müsavatın qurumu tərk etmə ehtimalı yüksəkdir. Müsavat qurumdan çıxsa, bu, müxalifətin faktiki parçalanması demək olacaq. Ona görə də, Milli Şura haqqında nikbin danışan, qurumu "xilaskar" kimi təqdim edənlərin müsbət ovqatını bölüşmək mümkün deyil. Milli Şura seçkiyə qədər dağılarsa və ya Şimaldan gələn dəstək kəsilərsə, bu durum müxalifət daxilində ciddi dağılma prosesinə səbəb olacaq. Bu baxımdan ənənəvi müxalifət liderləri ehtiyatlı olmalıdırlar. Milli Şura ideyasının müəllifləri siyasət adamı deyillər. İstənilən vaxt çıxb gedə bilərlər. Amma ömrünün 25 ilini siyasətə vermiş adamlar mövcud təsisatları qoruyub saxlamağa borcludurlar.
Ərhun Abbas