Qənirə Paşayeva Azərbaycan və türk diaspor rəhbərləri ilə görüşüb
24 May 2013 14:20 SiyasətMillət vəkili Qənirə Paşayeva Birləşmiş Ştatlara səfəri çərçivəsində Nyu-Yorkda Azərbaycan və türk diasporunun rəhbərləri, fəalları ilə görüşüb. "OLAYLAR"-a daxil olan məlumata görə, Qənirə Paşayeva görüşdə çıxışı zamanı bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirmələri vacibdir. Qənirə Paşayeva ABŞ-da fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb. Diaspor təşkilatlarının nümayəndələri ölkəmizin həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Nyu-Yorkda, eləcə də yaxın bölgələrdə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Millət vəkili Nyu-Yorka səfəri çərçivəsində Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Ertoğrul Apakan və Türkiyənin Nyu-Yorkdakı baş konsulu Levent Bilgen ilə də görüşüb.