Rusiya iqtisadiyyatının böyük hissəsi azərbaycanlıların hesabına ayaqda durur - AÇIQLAMA

Elşən Mustafayev: “Qanun qəbul olunsa belə bu Azərbaycandan olan miqrantlara o qədər də təsir etməyəcək, həmin kriteriyalara daha çox Orta Asiyadan olan insanlar uyğun gəlir”

Rusiya parlamentinin deputatı Sergey İvanov iş təcrübəsi olmayan qastarbayterlərin (əcnəbi işçilərin) bu ölkəyə gəlişinə 5 illik moratorium qoyulmasını təklif edib. İnsan Hüquqları üzrə Rusiya prezidenti yanında Şuranın üzvü Aleksandr Brod isə bu təklifi "absurd və Rusiya iqtisadiyyatı üçün təhlükəli" hesab edir. AMİP sədrinin Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev hesab edir ki, İvanovun təklifi dövlət səviyyəsində qəbul olunarsa, həmin qərarın kriteriyalarına çox az faizdə azərbaycanlı düşəcək. E.Mustafayev bildirdi ki, çünki Azərbaycandan Rusiyaya gedən miqrantların əksəriyyəti orada əsasən ticarətlə məşğul olurlar. Orta Asiya ölkələrindən olan miqrantların bu ölkədə daha çox problemləri olduğunu deyən E.Mustafayev qeyd etdi ki, həmin miqrantların yaşayış səviyyəsi olduqca acınacaqlı vəziyyətdədir, digər tərəfdən onlar ən aşağı işlərdə çalışırlar: "İvanovun təklifi qəbul olunacağı təqdirdə, bu daha çox məhz Mərkəzi Asiyadan olan miqrantlara təsir edəcək. Zaman-zaman Rusiya hakimiyyəti tərəfindən bu cür bəyanatlar səsləndirilir, qərarlar qəbul eidilir. Amma nəticə etibarilə bunların heç birisi effekt vermir. Hətta belə bir qanun qəbul olundu ki, Rusiya vətəndaşı olmayan insanların satış məntəqələrində işləmələri qadağandır. Lakin bunun Rusiya iqtisadiyyatı üçün ağır nətiəcələr ortaya qoyacağını bilən dövlət rəsmiləri qanunun üzərində o qədər də dayanmadılar. Yenə də həmin azərbaycanlılar köhnə satış məntəqələrindəki yerlərində çalışırlar. Parlament üzvü tərəfindən irəli sürülən qərar qüvvəyə minsə belə, bunun Rusiyadakı böyük azərbaycanlı kütləsinə şamil olunması cəfəngiyyat olardı. Çünki Rusiya iqtisadiyyatının böyük bir hissəsi məhz azərbaycanlıların hesabına ayaqda durur. Rusiya mütəmadi olaraq iqtisadi məsələlərdən digər millətlərə, əsasən də azərbaycanlılara siyasi təsir vasitəsi kimi istifadə edir. Rusiya buna oxşar metodlardan özünün siyasi məqsədləri üçün istifadə edir. Qanun qəbul olunsa belə bu Azərbaycandan olan miqrantlara o qədər də təsir etməyəcək. Həmin kriteriyalara daha çox Orta Asiyadan olan insanlar uyğun gəlir. Bəlkə də Rusiya bunu nəbz yoxlamaq üçün belə edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00