Bu gün Milli Məclisdə mühüm sənədlərin təsdiqi gözlənilir
İclasın gündəliyinə beşi beynəlxalq əhəmiyyətli sənəd olmaqla, ümumilikdə 9 məsələ daxil edilib
24 May 2013 11:10 SiyasətMayın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. İclasın gündəliyinə beşi beynəlxalq əhəmiyyətli sənəd olmaqla, ümumilikdə 9 məsələ daxil edilib. Deputatlar ilk növbədə "Azərbaycan Respublikası və Monteneqro arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Bəyannaməni, "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və onun tərkib hissəsi hesab edilən Protokolu, "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında beynəlxalq kombinə edilmiş daşımalar haqqında" Sazişi təsdiq edəcəklər.Bundan başqa, "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında" Zaqreb Bəyannaməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında" Müqavilə də müzakirə mövzusu olacaq.İclasda həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Əmək pensiyaları haqqında" qanunlara əlavələr və dəyişikliklər olunacaq, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsinə ikinci oxunuşda münasibət bildiriləcək.