“Putinin miqrasiya qanunu siyasi qərardır” - AÇIQLAMA
Qabil Hüseynli: “Rusiya bununla keçmiş SSRİ dövlətlərini özündən asılı vəziyyətə salmaq niyyəti güdür”
23 May 2013 16:25 SiyasətPrezident Vladimir Putinin sərəncamı ilə Rusiyada yeni miqrasiya qanunu qəbul ediləcək. Qanuna əsasən MDB dövlətlərindən olan vətəndaşların Rusiyaya gəlməsi yalnız xüsusi dəvət əsasında baş tutacaq. Sərəncam Avrasiya İqtisadi Məkanına daxil olan ölkə vətəndaşlarına şamil olunmur. Qeyd edək ki, Azərbaycan AİM-in üzvü deyil. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli hesab edir ki, Rusiya hakimiyyəti son zamanlarda biri-birinə uyğun gəlməyən ziddiyyətli bəyanatlar verir, qərarlar qəbul edir. Q.Hüseynli bildirdi ki, Kreml Rusiya kənarında yaşayan rusdilli insanların federasiyada yaşaması və ölkə vətəndaşlığı almaları üçün təzyiqlər göstərir: "Digər tərəfdən də rəsmi Moskva miqrasiya qanunlarını sərtləşdirir, ölkəyə gedib gəlməni çətinləşdirən qanunlar qəbul edir. Həmin qanunlardan biri də xarici ölkə vətəndaşlarının Rusiyaya getməsi haqqındadır. Əvvəllər MDB məkanına daxil olan ölkə vətəndaşları xüsusi vətəndaşlıq pasportu olmadan - sadəcə şəxsiyyət vəsiqəsindən istifadə edərək Rusiyaya gedə bilərdilər. Putin bütün bunları dəyişdirərək indi də viza sistemini tətbiq etməyə səy göstərir. Xüsusi dəvət əsasında Rusiyaya getmək viza sisteminin sərtləşdirilməsi deməkdir. Qanuna əsasən əgər Rusiyadan sənə xüsusi dəvətnamə göndərəcəksə, səfirlik viza verəcək. Putinin təşəbbüsuü Rusiya tarixində ən sərt miqrasiya qanunlarından biridir. Buna uyğun qanunlar yalnız Avropa İttifaqı daxilində həyata keçirilirdi. Putinin sərəncamı sırf siyasi qərardır. Rusiya bununla keçmiş SSRİ dövlətlərini özündən asılı vəziyyətə salmaq niyyəti güdür. MDB məkanına daxil olan bütün dövlətlərin yaratmaq istədiyi təsir dairəsindən kənara çıxmasına maneə olmaq xarakterinə sahibdir". ("OLAYLAR" İA)