“Ermənistanı Qarabağda süngü üzərində saxlamaqla…”
Zahid Oruc: “Sadə erməninin mədə ehtiyaclarını artıq təmin etmək olmur”
22 May 2013 15:47 SiyasətSon günlər gərginləşən Rusiya-Azərbaycan münasiətləri, eləcə də Rusiya xarici işlər nazirinin ölkəmizlə bağlı söylədiyi fikirlər gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə, Rusiya xarici siyasət idarəsi rəhbərinin regiondakı münaqişələrlə bağlı verdiyi açıqlama müəyyən narahatçılıq doğurub. Milli Məclisin müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc deyib ki, bütün hallarda Azərbaycan Rusiya ilə normal əlaqələrin davam etdirilməsində maraqlıdır: "Bütün hallarda ən Qərbpərəst siyasi qurum belə bölgəyə təsir imkanlarını əldə saxlayan şimal qonşumuzla normal əlaqələrin tərəfindədir. Bu ölkənin xarici işlər naziri Sergey Lavrovun dilindən səslənən bəyanat artıq rus elitasını vadar edir ki, erməni xalqının təzyiqlərini etiraf etsinlər. Yəni, müharibəni udmuş Ermənistanı süngünün üzərində Qarabağda saxlamaq və silahını ora satmaqla sadə erməninin mədə ehtiyaclarını artıq təmin etmək olmur". Millət vəkili Lavrovun Ermənistanın blokadası ilə bağlı fikirlərinə də münasibət bildirib: "Rus nazir bildirir ki, status-kvo Ermənistanın blokadada qalmasına səbəb olur. Haqlıdır. Lakin bu təcridolunmanın səbəbi işğaldır .Rusiya bizə təzyiq edə bilməz ki, təcavüzkarı neft-qaz layihələrinə qoşaq, yaxud onlara başqa iqtisadi nəfəslik verək".