KXCP-yə hücumlar başlandı - SİYASİ ANALİZ

Milli Şuraya üzv olmayanlara qarşı kampaniya aparılır

Klassik Xalq Cəbhəsi Partiyasının müxalifət daxilində birləşdiricilik missiyası Müsavat və AXCP, eyni amanda El hərəkatı tərəfindən ciddi təpki ilə qarşılanıb. Artıq KXCP-yə qarşı qara piar kampaniyası başlanıb. Qeyd edək ki, KXCP bir müddət öncə Milli Şuranın tərkibi ilə bağlı təkliflər vermiş, müxalifəti təmsil edəcək yeni qurumun tərkibinə tanınmış ziyalıların, sabiq diplomatların, politoloqların daxil edilməsini vacib saymışdı. KXCP srağagün yeni təklif irəli sürüb. Partiyanın Milli Şura siyahısında Adil Qeybulla, Akif Nağı, Akif Şahbazov, Arif Əliyev, Arif Hacılı, Aslan İsmayılov, Aytəkin İmranova, Bəxtiyar Hacıyev, Bəybala Əbil, Cəmil Həsənli, Elçin Şıxlı, Eldar Namazov, Eldar Salayev, Eldəniz Quliyev, Elşad Musayev, Emin Milli, Etibar Məmmədov, Ədalət Tahirzadə, Əhməd Oruc, Əli Abbasov, Əli Kərimli, Əli Məsimli, Ənnağı Hacıbəyli, Ərəstun Oruclu, Əvəz Temirxan, Firudin Cəlilov, Flora Kərimova, Fuad Ağayev, Fuad Mustafayev, Füzuli Axundov, Gültəkin Hacıbəyli, Hacı İlqar İbrahimoğlu, Hacı Zakir Quliyev, Hacıbaba Əzimov, Həsən Kərimov, Hicran Kərimli, Hikmət Hacızadə, İbrahim İbrahimli, İkram İsrafil, İqbal Ağazadə, İlham Hüseynli, İlqar Məmmədov və digər tanınmışların adları var. KXCP-nin siyahısı daha ədalətli, daha insaflıdır, cəmiyyətin geniş spektrini əhatə edir. KXCP-nin təklifi qəbul olunarsa, müxalifətin bir araya gəlməsi təmin oluna bilər. Bu isə görünür, Milli Şura təsisçilərinə sərf etmir. Onlar Milli Şuranı ancaq AXCP, Müsavat və "ağrıdağ"çı elektoratı birləşdirən El hərəkatından formalaşdırmaq niyyətindədirlər. Dünən məlum olub ki, Milli Şuranın tərkibində KXCP-dən ümumiyyətlə, heç kim (İP üzvləri istisnadır) yoxdur. AXCP-yə yaxın mətbuat orqanlarında KXCP-də qiyamçı fraksiyaçıların yenidən qızışdırılması, onlara tribuna verilməsi, onlardan KXCP rəhbərliyi əleyhinə rəylər alınması onu göstərir ki, Milli Şura təsisçiləri qurumda klassikləri görmək istəmirlər. Böyük ehtimalla, klassikləri elə fraksiya üzvləri təmsil edəcəklər. KXCP sədrinin müavini Ədalət Yusibov bildirib ki, mayın 19-da partiyadakı Demokratik Birlik Fraksiyasının ümumrespublika müşavirəsində fraksiyaçılar KXCP-nin müxalifətin böyük birliyində iştirakını arzulayıblar. Demokratik Birlik Fraksiyasının daha bir təsisçisi Fikrət Cəfərli isə M.Mirəlioğlunun Milli Şura və ümumiyyətlə, birliklərlə bağlı indiyə qədər sərgilədiyi mövqeyə təəssüfləndiyini bildirib: "Mirmahmud bəy bir şeyi anlamalıdır ki, artıq cəmiyyətin istiqamət aldığı bir birlik prosesi var. O da bu birlik prosesindən kənarda qalmaqla heç nəyə nail ola bilməyəcək. Əksinə, bu addım partiyanın tam əzilib, nəticə etibarı ilə sıradan çıxmasına nail olacaq. Mirmahmud Mirəlioğlu Milli Şurada iştirak etməyəcəyi halda partiyadakı Demokratik Birlik Fraksiyası bu birliyə qatılacaq". Bu artıq hədədir və Milli Şura təsisçilərinin hədəsidir. Fraksiyanın ciddi dəstəyə malik olmadığı aşkardır. Ayrıca, çoxu partiyadan çıxarılmış adamların bu cür bəyanat vermələri də etik deyil. Fikrət Cəfərov, Qaya Əliyev partiyadan çıxarılıblarsa, onların KXCP sədrindən nəsə tələb etməyə haqları yoxdur. Fraksiya Müsavat və AXCP-nin ideoloji tezisləri əsasında danışır, onların marağını yerinə yetirirlər. Çox güman ki, Milli Şurada KXCP-ni fraksiya "təmsil edəcək". KXCP-nin nə siyahısı, nə də sədri Milli Şuraya lazım deyil. Onlara daha az iddialı adamlar, daha az iddialı partiya və qruplar lazımdır.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31