Azərbaycana qarşı arxa çevirmək Gürcüstanın sonu olacaq - FİKİR

Cümşüd Nuriyev: “Rusiya Gürcüstana kömək etmək iqtidarında deyil, Ermənistan acından ölür, dilənçidən pay alır, Azərbaycan Gürcüstan üçün bölgədə açar dövlətdir”

"Gürcüstanın qonşu dövlətlərlə ciddi problemləri var. "Qars-Axalkalaki dəmir yolunun tikintisi dayandırılıb, Azərbaycanla münasibətlərdə strateji fəlakət ehtimalı çox böyükdür, həmçinin Türkiyə ilə də bir sıra sərmayə layihələri dayandırılıb". Gürcüstan Prezidenti Mixail Saakaşvili belə deyib. Politoloq Cümşüd Nuriyev hesab edir ki, İvanişvili baş nazir postuna gətirildikdən sonra Gürcüstan Azərbaycana qarşı soyuq siyasət yürütməklə məşğuldur. İvanişvilinin siyasətçi yox, alver adamı olduğu üçün bütün siyasəti bazar müstəvisində həyata keçirdiyini deyən C.Nuriyevin sözlərinə görə çox vaxt gürcü baş nazir verdiyi bəyanatların hamısını Azərbaycana gələn kimi təkzib edir: "İvanişvili müəyyən məsələləri Rusiyanın əli ilə həyata keçirməyə çalışır. Azərbaycan isə Gürcüstan ərazisində donor olan yeganə dövlətdir. Gürcüstana ən böyük sərmayə yatıran dövlət də Azərbaycandır. Bakı-Qars dəmiryolunun çəkilməsində də Azərbaycan çox maraqlıdır. Gürcüstanın maddi imkanları olmadığından uzun müddətdir ki, aşağı faizlə Azərbaycan ona kredit də verir və layihələrin əksəriyyətini də bizim maddi vəsaitlərimiz hesabına reallaşdırılır. Həmin layihələrin həyata keçirilməsinə maneəçilik törədilməsi Gürcüstana heç bir xeyir gətirməyəcək. Bu Rusiya və Ermənistanın təkidilə İvanişvili tərəfindən həyata keçirilən plandır. Çünki, həmin dəmiryolunun çəkilməsi Ermənistana ona görə sərf etmir ki, belə olacağı təqdirdə Naxçıvan faktiki olaraq blokadadan çıxacaq. Dəmiryol xəttinin Naxçıvana qədər uzadılması nəzərdə tutulur. Bu həm Rusiya, həm də ki, Ermənistanı narahat edir. Türkiyənin Cənubi Qafqazdakı üstün gücü Rusiya tərəfindən də narahatlıqla izlənilir. Çünki, Rusiyanın 400 il ərzində həyata keçirdiyi layihə birdən-birə uğursuzluqla üzləşə bilər. Romanovlar sülaləsi hakimiyyətə gələndən (1613-cü il) bu yana Rusiyanın əsas məqsədi Cənubi Qafqaza sahib olmaqdır. Planı da erməni kartından istifadə etməklə həyata keçirməyə çalışır. Rusiya bu gün çalışacaq ki, Gürcüstan vasitəsilə bütün ideayalarını reallaşdırsın. Ona görə də Saakaşvili bu məsələdə çox haqlıdır. Azərbaycanın Gürcüstanla bağlı planlarının suya düşməsinə rəsmi Bakı icazə verməyəcək. Çünki, Azərbaycan bu ölkəyə külli miqdarda sərmayə qoyub. Lazım gələrsə, Azərbaycan buna görə Gürcüstanı cəzalandırmaq taktikasını həyata keçirə bilər. Bu addımın Türkiyə tərəfindən də atılması Gürcüstanın məhvi deməkdir. Çünki, indiki məqamda Rusiya Gürcüstana kömək etmək iqtidarında deyil. Ermənistan acından ölür, dilənçidən pay alır. Azərbaycan Gürcüstan üçün bölgədə açar dövlətdir, Türkiyə də onun Qərbə çıxışını təmin edir. Dəniz vasitəsilə də Gürcüstan nəyəsə nail ola bilməyəcək, çünki Ukrayna hal-hazırda Rusiya meyilli siyasət yürüdür. Bu mənada Gürcüstanın bölgədə siyasi-iqtisadi blokadaya düşmək ehtimalı yüksəkdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00