İvanişvili siyasi təqiblərdən sui-istifadə edir - AÇIQLAMA
Zəlimxan Məmmədli: “Gürcüstan tarixinin ən gərgin siyasi rəqabət mərhələsini keçir”
22 May 2013 14:07 SiyasətGürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat Partiyasının baş katibi Vano Merabişvili saxlanılıb. Prezident Mixail Saakaşvilinin "sağ əli" adlandırılan Merabişvilinin adı iki korrupsiya qalmaqalında hallanır. Gürcüstan tarixinin ən gərgin siyasi rəqabət mərhələsini keçdiyini deyən politoloq Zəlimxan Məmmədli hesab edir ki, dövlətin həm daxili, həm də xarici siyasi rəqabəti olduqca gərgindir. Politoloqun sözlərinə görə hələlik isə bu mübarizədə həm Saakaşvili, həm də İvanişvili dözümlülük nümayiş etdirirlər: "Gürcüstanda baş verən siyasi proseslər Cənubi Qafqaz üçün ənənəvi deyil, yenidir. Bunun gələcəkdə Gürcüstan üçün müsbət tərəfdən təsir edəcəyini zənn etmək olar. Lakin bəzi hallarda həmin rəqabətdə siyasi təqiblərdən sui-istifadə halları müşahidə edilir. Gürcüstanda hüquq anlayışına münasibət fərqlidir, hüququn aliliyi gürcü cəmiyyətində artıq təmin olunub. Yəqin ki, Merabişvilinin işi hüquqi çərçivədə həll ediləcək. Tərəflərin siyasi rəqibləri sıradan çıxarmaq siyasi mübarizədən çox-çox uzaqdır. Hüquqi müstəvidə həmin adamlar məsuliyyət daşıyırlar. Əgər istintaq düzgün aparılacaqsa Merabişvili qanuni şəkildə cavabını alacaq, düzgün aparılmayacaqsa sabiq baş nazirin siyasi motivlər üzərində həbs olunması təsdiqini tapacaq. Hələlik isə məsələni istintaq orqanlarının öhdəsinə buraxmaq lazımdır və onu siyasiləşdirmək lazım deyil". ("OLAYLAR" İA)