Azərbaycan QHT koalisiyası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul edib
21 May 2013 18:01 SiyasətBu gün Bakıda Hərbi-vətənpərvərlik və müharibədən zərərçəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları koalisiyası Prezident İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini dəstəkləmək məqsədi ilə konfrans keçirib. Trend-in məlumatına görə, tədbirdə 24-ə qədər QHT, Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, keçmiş hərbçilər, həmçinin Çernobıl əlilləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atıb, beynəlxalq aləmdə ölkənin nüfuzu xeyli artıb. O qeyd edib ki, İlham Əliyev 2003-cü ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirib:
"Ölkə vətəndaşlarının rifahı xeyli yüksəlib, qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycanın yalnız hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini ötüb. Ölkənin iqtisadi durumu xeyli dərəcədə yüksəlib, bütün sahələrdə böyük inkişafa nail olunub". Həsənli qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində də xeyli işlər görülüb: "Orduda xidmət edən, habelə ehtiyata buraxılan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi tədbirlər görülüb".
Bu baxımdan Həsənli növbəti prezident seçkilərində Prezident İlham Əliyevin prezidentliyə namizədliyinin vacibliyini vurğulayıb və bütün təşkilatları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Tədbirin digər iştirakçıları da Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini qeyd ediblər. Sonda koalisiya adından ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin dəstəkləyən bəyanat qəbul edilib.