Avropa institutlarının Azərbaycana qarşı qərəzi artır
21 May 2013 16:56 SiyasətSon illər Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, siyasi, iqtisadi və sosial istiqamətlərdə qazanılan uğurlar Azərbaycanın dostlarını sevindirməklə yanaşı, onun düşmənlərini də qıcıqlandırır, narahat edir. Bu səbəbdən həmin qüvvələr malik olduğu imkanlardan istifadə etməklə Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Rəsmi Bakının beynəlxalq alımdə etibarlı tərəfdaş prinsipindən çıxış edərək bu və ya digər beynəlxalq təşkilat və qurumlarla yaxından əməkdaşlığa maraq göstərməsinə baxmayaraq Azərbaycana qarşı bir qərəzli mövqe, qeyri-obyektiv yanaşma tərzi hər zaman özünü göstərir. Müəyyən dairələrin maraqlarına xidmət edən bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının müntəzəm olaraq yaydığı hesabatlarda Azərbaycan barədə mənfi fikirlərin yer alması da məhz yuxarıda qeyd edilən məqsədlərə xidmət edir. Maraqlı məqam ondan ibarətdir ki, Qərbin və Avropanın müəyyən qurumlarının qərəzli mövqeyi seçki ilində özünü daha qabarıq şəkildə büruzə verir və bu mənfi tendensiya getdikcə artır. Təbii ki, Azərbaycana qarşı olan bu cür qərəzli və qeyri-obyektiv yanaşma tərzi cəmiyyətin müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanır, həmin qüvvələrin bu mövqeyi qəti şəkildə pislənilir.
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova deyib ki, Azərbaycan demokratik, açıq və dünyada baş verməkdə olan mütərəqqi inkişaf prosesləri üçün qapılarını açan, o proseslərə cəlb olunmaq istəyən bir dövlətdir. Lakin müəyyən xarici darələr, Avropanın ayrı-ayrı institutlaşmış qurumları Azərbaycanın bu inkişafına qısqanclıqla yanaşır, ölkəmizə qarşı qeyri-konstruktiv mövqe sərgiləyirlər: "Müxtəlif mövqelərdən müstəqilliyimizə xələl gətirmək istəyən qüvvələrə qarşı Azərbaycan dünyanın güc mərkəzlərinə, o cümlədən Avropaya açıq siyasətlə inteqrasiyaya gedir və bu bizim müstəqilliyimizə bir təminatdır. Azərbaycan çox maraqlı və əhəmiyyətli geosiyasi məkanda yerləşir, ölkənin kifayət qədər mənbələri, neft və qaz ehtiyatları var. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda Azərbaycanda baş verən hadisələrə münasibətdə müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunur və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlir". Millət vəkili bildirib ki, müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dövlətinin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətirir və müvafiq qurumlara çatdırırlar: "Təbiidir ki, biz bu halların təkrarlanmasını və əməkdaşlığımıza kölgə salacaq hansısa neqativ olaylar baş verməsini istəməzdik. Lakin bununla belə, hər hansı bir neqativ cəhd olarsa buna qarşı önləyici tədbirlər zamanında reallaşdırılır. Azərbaycana qarşı aparılan istənilən kampaniya isə iflasa məhkumdur. Çünki Azərbaycan güclü dövlətdir, Azərbaycan hakimiyyəti xalqımızın və dövlətimizin maraqlarını ən yüksək şəkildə müdafiə etmək iqtidarındadır. Ona görə də, kiminsə Azərbaycan haqqında hansısa uydurması, yalan təbliğat aparması ölkəmizə heç bir ziyan verə bilməz. Əksinə, bu, həmin təşkilatların və ya şəxslərin özlərinin mənafelərinə çox ciddi zərbə vurur".
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Avropa təsisatları çox zaman insan hüquqları və demokratiya məsələlərini daha çox şişirdilmiş, təhrif olunmuş şəkildə səsləndirir, müxtəlif bəyanatlar verir, qərarlar qəbul edirlər: "Avropa Parlamentinin bəzi qərarları, Avropa Şurasında "siyasi məhbus" məsələsi ilə bağlı cəhdlər və s. buna sübutdur. Bu cür yanaşma bizim münasibətlərimizə xələl gətirməsə də, konstruktiv əməkdaşlığa mane olur. Biz müşahidə edirik ki, bəzi digər ölkələrdə insan hüquqları və demokratiya məsələlərində vəziyyət qat-qat problemlidir. Məsələn, buraya Ermənistanı, vaxtilə Gürcüstanda, Ukraynada, Şərqi Avropa ölkələrində baş verən hadisələri daxil etmək olar. Elə Avropanın mərkəzi ölkələrində də bu sahədə ciddi problemlər yaşanır. Amma həmin ölkələrdəki vəziyyətə beynəlxalq qurumlar tərəfindən reaksiyalar bizdəki qədər deyil. Xüsusilə, onların Ermənistanla bağlı "dost" münasibətləri bizi narahat edir. Yəni burada ikili standartları biz açıq-aşkar müşahidə edirik". Millət vəkili deyib ki, Avropanın mərkəzi dövlətləri 1950-ci illərdən başlayaraq insan hüquqları və demokratiya sahəsində nailiyyətlər əldə etməyə başladılar: "Bu o zaman baş verirdi ki, Avropada iqtisadi sabitlik var idi. Son illərin iqtisadi böhranı isə sosial gərginləyə gətirib çıxardı. Biz bunu müşahidə edirik ki, Avropa Birliyi ölkələrində dini-milli dözümsüzlüklə bağlı qanun qəbul olunur, mitinqlərdəki zorakılıq baş verir, Fransa, İtaliya, Almaniya kimi Qərbi Avropanın dayağı olan ölkələrdə bu proseslərlə bağlı, müvafiq konvensiyalardakı bütün öhdəliklər pozulmağa başlayıb. Hansı ki, onlar bu konvensiyalara qoşulmaqla yanaşı onu fəal şəkildə dünyada təbliğ edirdilər. Həmin ölkələrdəki vəzifəli şəxslərin korrupsiyaya qurşandığını müşahidə edirik, seçki prosesləri zamanı çirkli pullardan istifadə olunması ilə bağlı bəyanatlar eşidirik. Bütün bunlar Avropada ciddi problemlərin olduğunu göstərir. Belə bir şəraitdə onların da Azərbaycanla bağlı bəyanatlarının təsiri artıq əvvəlki kimi deyil. Baxmayaraq ki, bizim əlaqələrimiz yaxşıdır, amma Avropa təsisatları da gərək öz fəaliyyətlərində müəyyən korrektələr etsinlər. Bu, hər iki tərəfin xeyrinə olmuş olar". Komitə sədri onu da deyib ki, ölkəmizin beynəlxalq təşkilatlarla münasibətlərinin əsasında hər şeydən öncə yüksək səviyyəli əlaqələrdən dövlətimizin maraqlarına uyğun faydalanması durur: "Belə təşkilatlardan biri də Avropa Şurasıdır. Bu təşkilat və onun strukturları ilə yüksək səviyyəli əlaqələrin qurulması əsası Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən birini təşkil edir".
Süleyman İsmayılbəyli