“Ukraynada Azərbaycan modeli tətbiq olunmalıdır, burada Ukrayna modeli yox”
Elşən Musayev: “Əhməd Oruc həmişə qeyri-ciddi fikirləri ilə gündəmə gəlir”
21 May 2013 13:41 Siyasət"Dünya təcrübəsində Azərbaycanın vəziyyətinə yaxın vəziyyətdə olan ölkələrdə demokratik seçki keçirilməsi mexanizmləri var. Bu mexanizmlərin ən mükəmməllərindən biri seçki komissiyalarının beynəlxalq aləmdə şərti olaraq qəbul etdikləri "Ukrayna modeli" adlanan modeldir. Bu modeldə bütün seçki komissiyalarının hər biri ayrı-ayrılıqda seçkidə iştirak etmək istəyən siyasi partiyaların nümayəndələri arasından püşkatma yolu ilə müəyyənləşir. Bu cür seçki komissiyaları heç bir partiyanın və siyasi qüvvənin nəzarətində olmur və seçkiləri saxtalaşdırmaq bir növ mümkünsüz olur". Bu təklifi Azadlıq Partiyasının sədri Əhməd Oruc ölkə başçısına ünvanladığı məktubda irəli sürüb. Məsələyə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev hesab edir ki, Əhməd Oruc həmişə qeyri-ciddi fikirlərilə gündəmə gələn adamdır. E.Musayev bildirdi ki, o, prezidentliyə namizədliyini irəli sürdüyü üçün bu cür gedişlərlə insanların diqqətini çəkmək istəyir: "Nəinki Ukrayna, hətta dünyanın ən böyük güc olan dövlətinin modelini Azərbaycanda tətbiq etməyə ehtiyac yoxdur. Azərbaycanın Seçki Məcəlləsində hansı əskikliklər var ki, hər hansısa bir ölkənin - Ukrayna kimi Azərbaycandan çox-çox geridə olan bir dövlətin modelinə istinad olunsun?! Həmin modeli ortaya qoyanda, onu əsaslandırmaq lazımdır ki, nəyə görə məhz Ukrayna modeli? Azərbaycanda keçirilən seçkilərin tam şəffaf keçirildiyini nəzərə alaraq bu cür modellərin tətbiqinə lüzum yoxdur. Ukrayna Azərbaycan modelini tətbiq etsə daha yaxşı olar, nəinki Azərbaycanın Urayna modeli". ("OLAYLAR "İA)