““Şuşa getsə, başıma güllə çaxaram" deyən adam hələ də yaşayır...” - AÇIQLAMA

Razi Nurullayev: ““Qulaqlarımı kəsərəm” deyən insandan, düzgün, cəmiyyətə yararlı ifadələr gözləmək sadəlik olardı. Bu ifadələr Rəhim Qazıyevin xarakterinin təzahürüdür!”

Hüseyn Məlikov: "Rəhim Qazıyev bu günədək Azərbaycan xalqı üçün hansı düzgün işləri görüb ki, bu gün çıxıb mətbuatda nə gəldi danışır"

"Nə isa Qəmbər, nə də Əli Kərimli bu xalqı düşünürlər. Onları daha çox öz şəxsi maraqları düşündürür. Mən nə İsa Qəmbəri, nə də Əli Kərimlini dəstəkləyirəm. Bu insanlar ancaq öz maraqları naminə çalışırlar, onları nə xalq, nə də millət düşündürür. Problemlər qalıb qıraqda, bunlar aralarında bir-birlərini qırırlar ki, birinci mənəm. İsa Qəmbər vahid komandanı parçaladı. Gəlsinlər, oturaq bir yerdə görüşək, bu sözləri üzlərinə də deməsəm, sübut eləməsəm, qulaqlarımı kəsərəm". Sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuata açıqlamasında belə deyib. Müsavat başqanının müşaviri Hüseyn Məlikov hesab edir ki, sabiq müdafiə nazirinin Müsavat və AXCP sədrləri haqqında irəli sürdüyü iddiaların heç bir məntiqi əsası yoxdur. Müşavir deyib ki, Rəhim Qazıyev hələ müdafiə naziri postunda olarkən xoşagəlməyən işlərlə yadda qalıb: "Qazıyevin başqan haqqında söylədiyi fikirlərdə qərəz, böhtan, həqiqətə uyğun gəlməyən ifadələr var. Sabiq müdafiə naziri hələ 90-cı illərin əvvəllərində - hakimiyyətdə olarkən də qeyri-ciddi çıxışları, ziddiyyətli hərəkətlərilə də tez-tez gündəmdə qalmağı bacarırdı. Müsavat və AXCP liderləri haqqındakı fikirləri də həmin bəyanatların davamından başqa bir şey deyil. Qərəzlilik və qeyri-ciddilik Rəhim Qazıyevin xarakteridir. Onun özü bu günədək Azərbaycan xalqı üçün hansı düzgün işləri görüb ki, bu gün çıxıb mətbuatda nə gəldi danışır, Axı Rəhim Qazıyev nə iş görüb indiyədək?! Qərəzin arxasında Milli Şuranın yaradılması var. Milli Şura yaradılır və Rəhim Qazıyev qurumdan kənarda qalıb. Qatar gedir, Rəhim bəy isə gedən qatarın arxasınca baxır". H.Məlikovun sözlərinə görə, Qazıyev Milli Şuraya dəvət olunmadığı üçün əsəbləşib, ona görə də öz hirsini bu cür populist çıxışlarla soyudur. Başqan müşaviri hesab edir ki, sabiq nazir Milli Şuraya dəvət alınmaqla siyasi dividentlər əldə etməyə çalışırdı, yenidən Azərbaycanın siyasi həyatına qayıtmaq niyyəti güdürdü: "Həmişə hamının istəkləri yerinə yetsə dünyada yaşamaq maraqsız olardı". Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Razi Nurullayev deyib ki, Rəhim Qazıyevin fikirləri tamamilə qeyri-ciddidir: "Əgər nəsə pisdirsə, nəsə də yaxşı olmalıdır. Hər şey pis ola bilməz, mütləq onun içərisində müəyyən qədər olsa da yaxşı elementlər var. Amma Rəhim Qazıyev isə hər şeyi baltalayır, hər şeyi ağ-qara görür və Azərbaycan cəmiyyətindəki birliyə, insanların təmərküzləşməsinə ziyan vurur. Rəhim Qazıyevin fikirləri Azərbaycanda demokratiyaya, ölkənin gələcəyinə xidmət və xalqa heç nə yaxşı şeylər vəd etmir". Sədr müavini hesab edir ki, Qazıyev Azərbaycanın birliyini parçalayan mesajlar verir və digər tərəfdən minlərlə insanın inandığı insanları günahlandırır və cəmiyyəti onların ətrafından çəkinməyə çağırır: "Seçdiyi ifadələr də o yaşda olan insan üçün düzgün deyil. Zamanında "Şuşa gedərsə başıma güllə çaxcaram!" deyən insan bu gün yaşayır və indi də deyir ki: "sübut eləməsəm qulaqlarımı kəsərəm". Ziyalı üçün, zamanında nazir postu tutmuş, namaz qılan, cəmiyyətə fəlsəfə dəri keçmək üçün yol tutmuş bir insan üçün bu cür fikirlər heç də yaxşı deyil. "Qulaqlarımı kəsərəm" deyən insandan, düzgün, cəmiyyətə yararlı ifadələr gözləmək sadəlik olardı. Bu ifadələr Rəhim Qazıyevin xarakterinin təzahürüdür!". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00