Əli Həsənov: "Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur" - YENİLƏNİB - FOTO

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 20-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər başlanmışdır.

Tədbirlərə Həştərxanda 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev adına parkda start verilmişdir. Parkda Heydər Əliyevin abidəsi önünə əklillər və tər çiçəklər qoyulmuşdur. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.

Ümummilli lider Heydər Əliyevin təntənəli yubileyi münasibətilə parkda Azərbaycan incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin parkda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri və yerli sakinlərlə görüşmüşlər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə parkda və onun ətrafında həyata keçirilmiş layihələrlə tanış olmuşlar. Keçən il burada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycan-Rusiya dostluq körpüsü və uşaq meydançası açılmışdır.

Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə knyaz Vladimirə abidə ucaldılacaq ərazidə aparılan hazırlıq işləri ilə tanış olmuşlar. Bildirilmişdir ki, abidənin ətrafında park salınacaqdır. Ərazinin abadlaşdırılması üzrə işlərin bu il sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır.

Həştərxanda həyata keçiriləcək növbəti layihə Bakinskaya küçəsində uşaq bağçasının tikintisi olacaqdır. Həmin uşaq bağçasının tikintisi üçün Heydər Əliyev adına məktəbin qarşısında sahə ayrılmışdır.

X X X

AzərTAc-ın xüsusi müxbiri bildirir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 20-də Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşmüşdür.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirmişdir ki, mayın 20-də Həştərxanda böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli tədbirlər keçiriləcəkdir. O vurğulamışdır ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycan ilə Rusiya arasında sıx dostluq əlaqələri yaranmışdır. O demişdir: "Azərbaycan ilə Həştərxan vilayəti arasında münasibətlər xüsusi diqqətə layiqdir, bu münasibətlər Prezident İlham Əliyevin himayəsi altında daha da inkişaf etmişdir".

Qubernator Həştərxanda həyata keçirilmiş sosial layihələrə görə Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna minnətdarlığını ifadə etmişdir. Aleksandr Jilkin bildirmişdir ki, Heydər Əliyev Fondu ilə birlikdə ekoloji layihə həyata keçirilməsi planlaşdırılır. O demişdir: "Xəzərdə ekoloji təhlükəsizlik və nadir balıq növlərinin qorunub saxlanmasına həsr edilmiş avtoyürüş keçiriləcəkdir. Layihənin məqsədi həm də iki ölkə gənclərinin qarşılıqlı yaxınlaşmasıdır. Avtoyürüş Azərbaycanın və Həştərxan vilayətinin ərazisində keçiriləcəkdir.

Vilayət rəhbəri onu da qeyd etmişdir ki, Azərbaycan tərəfinin fəal iştirakı ilə Həştərxan Dövlət Universitetində Azərbaycan dilinin və Azərbaycan mədəniyyətinin öyrənilməsi üzrə mərkəz yaradılacaqdır. A.Jilkin bildirmişdir ki, həmin mərkəzdə Azərbaycan dili üzrə tərcüməçilər hazırlanacaqdır.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir: "Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas yer tutur". O vurğulamışdır ki, bu siyasətin əsası ümumi lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin bu kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Ə.Həsənov vurğulamışdır: "Həştərxan vilayəti bu münasibətlərdə xüsusi rol oynayır. Azərbaycan ilə Həştərxan vilayəti arasında hökumətlərarası saziş imzalanmışdır və bu vilayətlə əlaqələr dinamik inkişaf edir".

Şöbə müdiri ulu öndər Heydər Əliyevə həsr edilmiş yubiley tədbirləri keçirilməsi təşəbbüsünə görə Həştərxan vilayətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Görüşdə Bakının Nərimanov rayonu icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Həştərxan vilayətindəki Azərbaycan Diasporunun rəhbərləri iştirak etmişlər.

---------
12:57

Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi üzərinə gül qoyulması mərasimi keçirilib.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, deputatlar, Azərbaycan diasporunun nümayəndələri, Həştərxan ictimaiyyəti iştirak ediblər.

Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Həştərxanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00