Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibət əsas yerdədir

Həştərxanda ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üşün şəhərə səfər edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bu gün RF-nın Həştərxan vilayəti üzrə qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdə A.Jilkin qeyd edib ki, mayın 20-də Həştərxanda böyük dövlət xadimi Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçiriləcək. Qubernatorun sözlərinə görə, məhz Heydər Əliyevin sayəsində Azərbaycanla Rusiya arasında sıx dostluq əlaqələri mövcuddur. Qubernator Azərbaycan prezidenti, hökuməti və Heydər Əliyev Fonduna Həştərxanda həyata keçirilən sosial layihələrə görə minnətdarlığını bildirdi: "Heydər Əliyev Fondu ilə birgə ekoloji layihə planlaşdırırıq. Bu, Xəzərdə nadir balıq növlərinin qorunmasına və ekoloji təhlükəsizliyə həsr olunmuş avtomobil yürüşüdür. Yürüş Azərbaycan və Həştərxan vilayətinin ərazisində həyata keçiriləcək". Azərbaycan tərəfinin köməkliyi ilə Həştərxan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatının öyrənilməsinə dair mərkəz açılacaq. Burada tərcüməçilər hazırlanacaq. Öz növbəsində Ə.Həsənov qeyd edib ki, Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibət əsas yerdədir: "Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə həmin siyasət Azərbaycan prezidenti İlham Əliyev və RF prezidenti Vladimir Putin tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu münasibətlərdə əsas rol Həştərxan vilayətinin üzərinə düşür. Azərbaycanla Həştərxan vilayəti arasında hökumətlərarası saziş imzalanıb və bu vilayətlə münasibətlərimiz dinamik inkişaf edir". Şöbə müdiri dahi lider Heydər Əliyevə həsr olunmuş yubiley tədbirlərinin keçirilməsinə təşəbbüs göstərən Həştərxan vilayətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Bakı şəhər Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Həştərxan vilayətindəki Azərbaycan diasporasının rəhbərləri iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00