Rusiya İsrail və ABŞ-ın Suriyaya müdaxiləsini kənardan izləmək məcburiyyətində qalacaq
20 May 2013 15:42 Siyasət"Kimyəvi silahdan istifadə və istefamla bağlı Suriyanı hədəfə alan ittihamlar hər gün dəyişir. Bu, ölkəmizə qarşı müharibənin başlanğıcıdır". Suriya prezidenti Bəşər Əsəd belə deyib. Suriya prezidenti bildirib ki, istefa vermək fikri yoxdur. Əsəd həmçinin Dəməşdəki raket sistemlərini İsrailə qarşı çevirmək əmrini verib. "İsrail növbəti dəfə Suriyaya müdaxilə edəcəyi təqdirdə raketlərimiz Təl-Əvivi vuracaq" - Bəşər Əsəd deyib. Bir müddət əvvəl ABŞ Prezidenti Barak Obamanının verdiyi açıqlamanın Əsəd rejiminin kimyəvi silahdan istifadə vəziyyətində İsrail və Amerikanın Suriyaya müdaxilə planlarını əks etdirdiyini deyən politoloq Elxan Şahinoğlu hesab edir ki, həm müxalifət, həm də iqtidar tərəfindən kimyəvi silahdan istifadə edilməsi barədə kifayət qədər çox məlumat var. E.Şahinoğlu bildirdi ki, Obama Suriyadakı vəziyyətə bir az ehtiyatlı yanaşır, çünki, o, Buşun səhvlərini təkrar etmək istəmir: "Buş dönəmində Amerika ordusu İraq və Əfqanıstana daxil oldu və Pentaqon böyük itkilərlə üzləşdi və bu amil ABŞ ordusunun reytinqinə mənfi təsir göstərdi. Digər tərəfdən Suriyadakı proseslərə Əl-Qaidə kimi terror qruplaşmaları da qoşulub. ABŞ düşünür ki, o, müxaliflərə silah versə, həmin silahlar Əl-Qaidənin əlinə keçə bilər. Əgər Əsəd qətliamların sayını artırsa beynəlxalq birlik, o cümlədən ABŞ Suriyaya müdaxilə haqqında düşünmək məcburiyyətində qalacaq. Bu mənada Suriya rejimi yaxın müddətdə İsraili də hədəfə ala bilər. Çünki, İsrail hərbi qüvvələri Əsəd rejiminə bağlı olan bazaları bombalamışdı. Əsəd buna qarşı kimyəvi silahdan istifadə etsə İsrail və ABŞ Suriyaya qarşı olan müdaxilə planlarını açıq müstəviyə keçirəcək". Politoloq qeyd etdi ki, Rusiya İsrail və ABŞ-ın Suriyaya müdaxilələrinə müqavimət göstərə bilməyəcək və bundan sonra baş verəcək prosesləri kənardan izləmək məcburiyyətində qalacaq. E.Şahinoğlu hesab edir ki, Rusiyadan fərqli olaraq İran vəziyyətə bir az fərqli mövqe nümayiş etdirə bilər. Amma inandırıcı deyil ki, fars rejimi Əsədə qarşı açıq şəkildə kömək göstərsin: "Çünki, bu faktor sonradan ABŞ və İsrail tərəfindən İrana qarşı çevriləcək. İranın Suriya proseslərinə açıq müdaxiləsi İİR daxilində etnik qarşıdurmaları düşünülmüş şəkildə gücləndirə bilər. İran seçkilərə gedir, ona görə də bu cür risklərə getməyəcək". ("OLAYLAR" İA)