Milli Şura müxalifət daxilində narazılıq yaradıb - SİYASİ ŞƏRH

İctimai Palata və El hərəkatı buraxılmayacaq, yeni qurumun effekti azala bilər

Kinodramaturq, Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası reallaşacağı halda müxalifətin digər qurumlarının taleyi necə olacaq? Bu sual artıq düşərgə daxilində narahatlıq yaradıb. Buna qədər ənənəvi müxalifətin ideya verənlərindən olan Arif Hacılı və Pənah Hüseyn Milli Şuranın yaradılması ilə bağlı narahatlıqlarını müxtəlif formalarda bildirmişdilər. Pənah Hüseyn bildirmişdi ki, İctimai Palata tamam başqa bir qurumdur və buraxıla bilməz, onun öz missiyası var. (Hərçənd qurum yeni parlament seçkilərinin keçrilməsi məqsədilə yaradılsa da, buna nail ola bilmədi-müəll.) Arif Hacılı açıqlamasında Milli Şuranın siyasi istiqamətinə şübhə ilə yanaşmış, qurumun ideya müəlliflərini dolayısı ilə Rusiya ilə əlaqələndirmişdi. Arif Hacılı ilə Pənah Hüseynin narahatlığına sabiq müsavatçı İbrahim İbrahimli də qoşulub. Mətbuata açıqlamasında İbrahimli bildirib ki, hər bir təşkilatın ayrıca missiyası var və ayrılıqda da fəaliyyət göstərməlidirlər. El hərəkatının lideri Eldar Namazov da rəhbərlik etdiyi qurumun buraxılmayacağını bəyan edib. Belə çıxır ki, Milli Şura élan ediləcək, amma indiyədək mövcud olan qurum və birliklər də saxlanacaq. O halda yeni yaranan qurumun gücü  nə qədər olacaq? Bu, yeni yaranan qurumun fəaliyyətinə əngəl yaratmayacaq ki?  Müxalifət liderləri nə qədər ört-basdır etməyə çalışsalar da, yeni qüvvənin ortaya çıxmasından əndişə keçirirlər. Öz övladlarını siyasi qurumlara, QHT-lərə yerləşdirən ənənəvi müxalifət liderləri yeni qüvvənin ortaya çıxmasından narahatdırlar. Onlar istəyir ki, siyasi meydana gələn yeni gənclik də onlara yaxın olsun. Yeni qüvvənin ənənəvi müxalifəti əvəz etməsi Pənah Hüseyn və Arif Hacılı kimi şəxslər üçün tamamilə qəbuledilməzdir. Etiraf edilməlidir ki, 2010-cu il parlament seçkilərindən sonra ənənəvi müxalifəti ölü nöqtədən Ziyalılar Forumu çıxardı. Proses başladı, Ziyalılar Forumu önə çıxdı. İndi təşəbbüs onların əlindədir. Amma ənənəvi müxalifət onları inkar edən siyasi qüvvəni həzm etmək istəmir. Ona görə də Milli Şuranın yaradılması ideyasına barmaqarası baxılır. Ənənəvi müxalifət başbilənləri   Milli Şuranın yaranmasına olduqca ürəksiz dəstək verirlər. Əslində başqa çarələri də yoxdur. Prosesdən kənarda qala bilməzlər. Amma bu işə can da yandırmırlar. Onlar Milli Şuranın ilk büdrəməsini səbirsizliklə gözləyirlər. Qurum ilk səhvini buraxan kimi Milli Şuraya qarşı qara piar başlanacaq. Bu baxımdan ola bilsin ki, mayın 28-də Novxanıda élan ediləcək Milli Şura uzun yaşamayacaq. Ziyalılar Forumunun, El hərəkatının yerlərdə strukturları, sosial bazası yoxdur. Bu baxımdan Milli Şuranın nüvəsini Müsavat və AXCP təşkil edəcək. Müsavatın təşkilati strukturları Arif Hacılının təsirindədir. Deməli, Arif Hacılı istəməsə, müsavatçılar Milli Şuranın işində aktiv iştirak etməyəcəklər. Arif Hacılı, Pənah Hüseynin təsiri altında olan adamlar indidən MŞ-a qarşı piara başlayıblar. Yəqin ki, Şura élan olunandan sonra aşağılama kampaniyası davam edəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00