Siyasilər Rusiyanın Azərbaycana təsir dairəsinin artmasından narahatdırlar
20 May 2013 14:36 SiyasətPrezident seçkiləri yaxınlaşdıqca bir sıra xarici dairələrin də Azərbaycana olan marağı artır. Xüsusilə bu sırada Qərbin və Rusiyanın maraqları özünü daha çox büruzə verir. Əgər Qərb Cənubi Qafqaz regionunda malik olduğu mövqelərin Kremlin əlinə keçməməsi üçün səy göstərirsə, Rusiya Federasiyası isə regiona təsir dairəsini daha da artırmaq üçün əlavə ssenarilər üzərində işləyir. Təəssüfedici məqam ondan ibarətdir ki, Rusiyanın hazırladığı ssenaridə Azərbaycan hakimiyyətindən incik düşmüş kiçik bir qrup yer alır və burada başlıca məqsəd cari ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərinə bu və ya digər dərəcədə təsir göstərməkdir. Bu mənada xeyir-duası Kremlin divarları arasında verilmiş Milli Şuranın seçkilər ərəfəsində Moskvanın əlinə oynayacağı da istisna edilmir. Burada təəssüfedici məqamlardan biri də ondan ibarətdir ki, hər zaman Azərbaycanın milli maraqlarından danışan, ölkəmizə qarşı xarici təsirləri yolverilməz hesab edən bəzi müxalifət partiyaları bilərəkdən Kremlin bu oyununda iştirak edir, milli maraqlara zidd mövqe nümayiş etdirirlər. Ancaq sırf milli mövqedən çıxış edən, istənilən halda ölkəmizə qarşı xarici təsirləri yolverilməz sayan və ən nəhayət hakimiyyətə gəlmək üçün xarici dairələrə deyil, yalnız xalqa arxalanan siyasi dairələr də var ki, həmin qüvvələr qətiyyətlə Kremlin hazırladığı oyunun oyunçusu olmaq istəmirlər.
***
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Nazim Məmmədov Rusiyanın Azərbaycanın daxili siyasi həyatına bu cür nümayişkar müdaxilə cəhdlərini, Azərbaycanın bəlli siyasi qüvvələrinin bu təşəbbüsə qoşulmalarını lap əvvəldən tənqid etdiklərini vurğulayıb: "Bu mövqeyimizdə də qalırıq. Amma təəssüf ki, Rusiyanın həmin planında yer alan Azərbaycanın bəzi siyasətçiləri bu hərəkətlərini pərdələmək üçün diqqəti başqa istiqamətə yönəltməyə çalışırlar. Onlar iddia edirlər ki, Milli Şuranın Rusiya ilə əlaqələndirilməsi hakimiyyətin planlı kampaniyasıdır. Amma unudurlar ki, bu proses bir neçə ay əvvəl başlasa da, hakimiyyət və Yeni Azərbaycan Partiyasının nümayəndələri bu barədə yalnız son həftələrdə danışmağa başlayıblar. Vətəndaş və İnkişaf Partiyası isə hələ lap əvvəldən bu məsələdə prinsipial mövqe tutub və bu mövqe hər zaman açıq şəkildə bəyan edilib. Milli Şura ideyasının Kremlin göstərişi olması haqda bu qədər fikir səsləndirilib. Amma onlar həmin ideyanın Rusiyadan gəlməsi haqda deyilənləri bir dəfə də olsun, qəti və birmənalı formada inkar etməyiblər. Tək bu ay ərzində Rusiyada Azərbaycan əleyhinə çox ciddi siyasi xarakterli qərarlar qəbul edildi. Lakin Milli Şura prosesinin iştirakçıları bu barədə səslərini çıxarmadılar. Hər halda, onların bu sükutu da Rusiyaya münasibətlərinin bir göstəricisidir". VİP rəsmisi hesab edir ki, Milli Şura təşəbbüsünü irəli sürən şəxslərin birbaşa bağlı olduqları çevrənin tərkibi və mahiyyəti bu ideyanın birbaşa Rusiya hakimiyyətindən verildiyini söyləməyə tam əsas yaradır: "Axı heç kimə sirr deyil ki, Rusiyada fəaliyyət göstərən və böyük imkanlara malik iriçaplı Azərbaycan əsilli iş adamlarının bu qaydada təşkilatlanmaları Kremlin iradəsindən kənar baş verə bilməz. Rüstəm İbrahimbəyovun da daxil olduğu "Milyarderlər ittifaqı"nın bəzi üzvlərinin Azərbaycanla bağlı siyasi bəyanatlarla çıxış etmələri təsadüf deyil. O adamlar hazırda Azərbaycan hakimiyyətinə qarşı basqıları artırmış Rusiyanın əlində əlavə təzyiq vasitəsinə çevriliblər".
***
Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov hesab edir ki, son hadisələr Qərbin və Rusiyanın Azərbaycandakı maraqlarının toqquşduğunu bir daha təsdiqləyir. Partiya rəsmisi qeyd edir ki, xüsusilə, Rusiya hər vasitə ilə Azərbaycanı öz təsiri altına almaq üçün müəyyən addımlar atır: "Həmin addımlar da görünən addımlardır. Rusiya açıq-aşkar burada nəzarəti ələ keçirmək istəyir. Qərb də öz növbəsində Rusiyaya qarşı güc nümayiş etdirməyə çalışır. Hələlik isə Rusiyanın Azərbaycana qarşı təzyiqləri artmaqdadır. Hesab edirəm ki, müəyyən qüvvələrin də Rusiyanın təsir altına düşməsi və burada Rusiyayönümlü hakimiyyəti bərpa etmək istəyi Azərbaycan xalqına qarşı olan xəyanətdir. Mən şəxsən Rusiyanın bölgədəki fəallığından narahatçılıq keçirirəm".
***
Açıq Cəmiyyət Partiyasının keçmiş üzvü Nizami Məmmədov isə bildirib ki, xalqın dəstəyi olmayacağı təqdirdə yaradılacaq milli və ya qeyri-milli şuranın heç bir perspektivi olmayacaq. Bunun yalnız müəyyən xarici dairələrin maraqlarına xidmət edəcəyini deyən sabiq ACP-çi bütün halda yaradılan istənilən müxalifət qurumuna xalq dəstəyinin vacib olduğunu vurğulayıb: "Əks təqdirdə hər şey boşdur. Yalandan xalqın başını aldatmağa dəyməz".
Süleyman İsmayılbəyli