“Hamilə müxalifətin üçbaşlı, ölü doğulacaq mutant uşağı – Milli Şura”

Cümşüd Nuriyev: “Mayın 28-i təsadüfən seçilməyib, çünki onlar həm Azərbaycan Demokratik Cumhuriyyətinin elan olunduğu gün Milli Şura ideyasını öldürəcək, həm də Azərbaycan müxalifətinin fatihəsini verəcəklər”

Kinorejissor Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası reallaşacağı halda müxalifətin tanınmış digər birliklərinin, xüsusilə də İctimai Palata və "El" Hərəkatının aparıcı simalarının orada təmsil olunacağı məlumdur. Milli Şuranın yaradılması isə ortaya İctimai Palata və "EL"in taleyinin necə olacağı sualını çıxarır. "Müxaliflər birmənalı şəkildə İctimai Palatanı batırdılar. Çünki İP Milli Şuradan həm siyasi tərkibinə, həm də sferasına görə daha güclü qurum idi. İP Milli Şuradan fərqli olaraq demokratik qurum olduğundan hamının ora üzv olmaq imkanı vardı. Amma Milli Şura bilavasitə üçlüyün seçəcəyi adamlardan ibarət olacaq. Müsavat və AXCP özününküləri seçəcək, Eldar Namazov da təbii ki, özünə yaxın olan adamlara üstünlük verəcək. 50 nəfərin 30-u bu qaydada təyin ediləcək, qalan 20 nəfər bütün Azərbaycan müxalifətinə şamil olunacaq". Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyev hesab edir ki, məsələdə əsas uduzan tərəf Müsavatdır, çünki o, bir struktur kimi bütün müxalifət partiyalarına bərabər gücdür: "İsa Qəmbər kimi bir hiyləgər siyasətçinin İbrahimbəyovun toruna necə düşməsi çox müəmmalıdır. Buradan daha qazanclı çıxan, istər "EL" Hərəkatında, istərsə də Ziyalılar Forumunda olsun Eldar Namazovdur. Onlardan biri də Əli Kərimlidir. Çünki, AXCP-ın altıncı tanınmış siması yoxdur. Əli Kərimlinin özü, 3 müavini və partiyanın Gənclər Təşkilatının sədri daha çox tanınır. Əli Kərimli isə Eldar Namazovla müqayisədə daha güclü siyasətçidir. Milli Şura ideyasının müəllifləri isə müxalifətin digər güclü 3 partiyasını kənarda qoydu. Çox maraqlıdır ki, Rüstəm İbrahimbəyov və Eldar Namazov "demokartik" qurum yaradır və müxalifətin ADP-ni birlikdən kənar saxlayır. "Ümid" Partiyasının sədri İqbal Ağazadə müxalifətin parlamentdə təmsil olunan yeganə nümayəndəsidir. Onu kənarda saxladılar. Kənarda qalan partiyalardan olan KXCP sədri Mirmahmud Mirəlioğlu isə Azərbaycan müxalifətinin ən əxlaqlı siyasətçisidir. Onun ikinci alternativini müxalifətdə tapmaq qeyri-mümkündür. Bu isə o deməkdir ki, Milli Şura əxlaqlıları kənarda saxlayan bir qurumdur. Milli Şura İP və "EL"dən fərqli olaraq daha dar çərçivəlidir. Qurum daha çox ölü, üçbaşlı mutant uşağa oxşayır. Baxmayaraq ki, Azərbaycan müxalifəti hamilədir və indidən bəyan edirlər ki, mayın 28-də hamiləlik başa çatır. Amma bu hamiləlik məcburidir, çünki bu vaxtından əvvəl doğulan uşaqdır. Çünki, ideyanı çox qısa bir vaxda həyata keçirmək istəyirlər. Doğulacaq üçbaşlı mutant uşaq isə müxalifəti məhvə aparır. Milli Şura rus texnoloqları tərəfindən hazırlanmış qurumdur. Rüstəm İbrahimbəyov Rusiyanın, Eldar Namazov isə Azərbaycan daxilindəki müəyyən qüvvələrin emissarıdır. Milli Şuranın elan olunacağı gün Azərbaycan müxalifəti dəfn olunacaq. Mayın 28-i təsadüfən seçilməyib, çünki onlar həm Azərbaycan Demokratik Cumhuriyyətinin elan olunduğu gün Milli Şura ideyasını öldürəcəklər, həm də Azərbaycan müxalifətinin fatihəsini verəcəklər. Çünki, Milli Şuranın əsas aparıcı üzvləri müəyyən qüvvələr tərəfindən təyinatlıdırlar. Artıq müxalifət haqqında "Allah rəhmət eləsin" deyə bilərik". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00