Ermənistanın xəritə imtinası beynəlxalq cinayətdir - Hüquq elmləri doktoru
7 May 2021 12:00 SiyasətTəcavüzkar Ermənistan tərəfindən Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasiblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsif edilməlidir.
Olaylar.az bildirir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.
N.Səfərov bildirib ki, bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsində tapmaq olar:
"Həmin Nizamnaməyə uyğun olaraq "mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasib olmayan hücumların qəsdən törədilməsi" (maddə 8 (2b, "iv")), "mahiyyətinə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi" (maddə 8 (2b, "xx")) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyəti daşıyırlar".