“Nazpərini İsa Qəmbərin oğlunun toyuna göndərən kişi...”
Hafiz Hacıyev: “O kişinin toya saldığı nəmərin miqdarından da xəbərim var”
17 May 2013 08:42 SiyasətMüasir Müsavat partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlama verib. O, deyib ki, heç bir siyasi perspektivi olmayan müxalifətin əməlləri haqda şok faktları xalqa çatdırmaq üçün İctimai Televiziyadan efir vaxtı istəyib. Hafiz Hacıyev efirdə hansı şok faktları açacağı ilə bağlı Publika.Az-a danışıb. O deyib ki, müxalifətin yaratdığı uydurma televiziya olan "Meydan" televiziyasında, "Azərbaycan saatı" proqramında hakimiyyət sərt tənqid olunur. Bu isə onun heysiyyatına toxunub. Hafiz Hacıyev onu da deyib ki, müxalifətin şər-böhtan xarakterli çıxışı, vicdansız yanaşması xalqın ölkədəki real inkişafı görməyinə mane olur: "Müxalifətin məqsədi xalqı yolundan azdırmaqdır. Burada bir sıra məmurların və səfirliklərin də rolu var. Əli Kərimlini, İsa Qəmbəri bir neçə nazir və səfirlik, xarici fond maliyyələşdirir.
Həmin səfirliklərdən dəfələrlə mənə də təkliflər gəlib. Mən xalqın, dövlətçiliyin mənafeyinə zidd olan heç bir proyektə imza atmamışam. Əksinə, bu səfirliklər barədə məlumatları efirdən səsləndirmişəm. Beləcə, imicimi korlamamışam. Hazırda heç bir səfirlik məni öz tədbirlərinə dəvət etmir. Efir vaxtını alsam, deyəcəyəm ki, öz ailəsinə sahib çıxa bilməyən, ailəsini idarə edə bilməyən insanlar iqtidara iddialıdırlar. Müxalifətin məqsədi Azərbaycanda ixtişaş yaratmaqdır. Bu barədə əlimdə faktlar var. Hələ indiyədək Azərbaycan ictimaiyyətinə məlum deyil ki, Rəsul Quliyevi hansı məmur maliyyələşdirir. Nazpəri Dostəliyevanı İsa Qəmbərin oğlunun toyuna göndərən pullu kişinin adını, göndərdiyi nəmərin miqdarını da bilirəm. Efirdə bütün faktları açıb tökəcəyəm".
Hafiz Hacıyev sonda qeyd etdi ki, müxalifətin taktikaları çoxdan köhnəlib: "Müxalifətin iylənmiş taktikaları sıradan çıxdıqca zəifləyir. Azərbaycanı sevməyən qüvvələr isə yeni taktikalar istehsal etmək üçün daha çox maliyyəni müxalifətə yönləndirir"