Azərbaycanla Misir arasında ictimai diplomatiya sahəsində əməkdaşlıq mümkündür
16 May 2013 16:43 SiyasətMisirə səfəri çərçivəsində xarici işlər nazirliyinin mətbuat katibi Elman Abdullayev Misirin xarici işlər nazirliyinin İctimai Diplomatiya və Media departamentinin rəisi səfir Bahir Helmi ilə görüş keçirib. Görüş əsnasında Elman Abdullayev həmsöhbətinə Azərbaycanın xarici siyasəti, həyata keçirdiyi humanitar layihələr və ictimai diplomatiya siyasətinin əsas istiqamətləri barəsində məlumat verib. O, Azərbaycan ilə Misirin tarixi dostluq əlaqələrini bölüşdüyünü qeyd edərək, bütün sahələrdə olduğu kimi ictimai diplomatiya sahəsində də birgə maraq dairəsində olan istiqamətlər üzrə əməkdaşlığın mümkünlüyünü bildirib. Bu xüsusda Fələstin məsələsinə toxunan Elman Abdullayev, Azərbaycan ev sahibliyi ilə bu ilin iyun ayında Fələstin üzrə Bakıda keçiriləcək donor konfransı haqqında məlumat verib.
Bahir Helmi Azərbaycan və Misir xalqlarının tarixi dostluq və qardaşlıq ənənələrindən danışaraq, Misirin daim Azərbaycan ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini qeyd edib və digər sahələrdə olduğu kimi, ictimai diplomatiya sahəsində də iki ölkə arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün münbit imkanların olduğunu diqqətə çatdırıb.